"OPEC+" ölkələri hasilatla bağlı razılaşmaları təsdiqlədi
"OPEC+" ölkələri bu gün Monitorinq Komitəsinin iclasından sonra bu və gələn il üçün neft hasilatının həcminə dair mövcud razılaşmaları təsdiqləyiblər.
“Paralel.az ” xəbər verir ki, bu barədə “Rossiya-24” telekanalına müsahibəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Nazirlərin iyunun 2-də keçirilən iclasında qəbul edilmiş qərarları bir daha təsdiqlədik. Məsələ ondadır ki, o zaman razılaşmalar ümumilikdə 2025-ci ilin sonuna, məhdudiyyətlər üzrə könüllü öhdəliklər isə bu ilin üçüncü rübünün sonuna qədər uzadılmışdı. Bu ilin dördüncü rübündən tələb-təklif balansı müsbət olarsa, hasilatın qismən artması mümkündür”, - o deyib.
OPEC-in saytında dərc olunmuş yekun kommünikedən belə qənaətə gəlmək olar ki, OPEC+ ölkələri alyansın nazirlər səviyyəsində Monitorinq Komitəsinin iclasından sonra bazar şərtlərindən asılı olaraq 2024-cü ilin oktyabr ayından könüllü şəkildə azaldılmış neft hasilatının mərhələli bərpasını dayandıra və ya ləğv edə biləcəklərini təsdiqləyiblər.
2024-cü ilin oktyabrından Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla səkkiz "OPEC+" ölkəsi neft hasilatını mərhələli şəkildə bərpa etməyə başlamağı planlaşdırır. 2024-cü ilin birinci rübündən etibarən bu ölkələr könüllü olaraq hasilatı sutkada 2,2 milyon barel azaldıb.