Təhsilin inkişaf ideyaları maliyyələşməyə bağlıdır
Bir daha ETN-nin qüsurlu qrant siyasəti barədə.
ETN-nin fəaliyyətində daim ciddi nöqsanlar olmuşdur, bu gün də davam edir. Bu nöqsanlar normal təhsil siyasətinin olmaması, qüsurlu kadr və maliyyə siyəsəti, yarıtmaz qrant siyasəti kimi təhsilin mühüm məsələlərini əhatə edir.
Bunun nəticəsidir ki, BMT İP tərtib etdiyi "Dünyada təhsilin inkişafı reytinqləri"ndə 85-ci yerdə, universitetlərin qlobal reytinqlərində daim sonuncu pillələrdə, Beynəlxalq riyaziyyat olimpiadalarında 75-ci yerdə məskunlaşırıq. Bu vəziyyət ölkədə hamını çox narahat edir. Amma ETN deyəsən bundan heç narahat deyil. Çünki, qüsurlu fəaliyyətini inadkarlıqla davam etdirir.
Görəsən işi bilmədiyi üçün bu səhvləri edir, yoxsa məqsədli şəkildə ? Hər iki halda bu qəbuledilməz fəaliyyətdir.
Son günlərdə ETN təhsilə dair 3 qrant müsabiqəsi elan edib. Qrantların ümumi məbləği təxminən 5,5 milyon manatdır. Əvvəlki illərin acı təcrübəsi göstərir ki, qrant pulları təhsilin aktual problemlərinin həllinə yox, əsasən az əhəmiyyətli məsələlərə yönəlir.
Təcrübə onu da göstərir ki, qrant qalibləri təhsil tədqiqatçıları, təcrübəli alimlər və ekspertlər yox, təhsil məmurlarının yaxın ətrafı, dost tanışlar, nazirliyin ictimai şura üzvləri, təhsil ictimaiyyətinin tanımadığı hansısa QHT-lər və "konüllülər" olur. Təbii ki, zəif layihələrə belə qrantlar böyük "güzəştlə" verilir, hərçənd sözdə "təhsildə güzəşt xəyanətdir" deyilsə də.
Əvvəlki illərdə ETN-nin qüsurlu qrant siyasətinə dair mətbuatda xeyli məqalələr dərc edilmişdi. Amma belə şeylər ETN "öz yolundan" döndərə bilməz.
Bu ilki qrant müsabiqələrinin əvvəlki illərdəkindən fərqli bəzi özəllikləri var. Bu dəfəki qrantların 90% -dən çox hissəsi məktəbəqədər təhsilə aiddir.
Təhsilin digər pillələrinə isə 10% - dən də az hissə ayrılıb.
Maliyyənin (qrantın) təhsil pillələri arasında belə "ədalətsiz" bölgüsü göstərir ki, yəqin qaliblər də belə ədalətsiz seçiləcəklər (yəni, əvvəllər olduğu kimi). Halbuki, təhsilin digər pillələrində illər ərzində xeyli problemlər qalaqlanmış və onların həllinə (xüsusən də ali təhsilə) heç vaxt maliyyə ayrılmamışdır.
ETN-nin məktəbəqədər təhsilə birdən-birə belə
"məhəbbət" bəsləməsinin səbəbi nədir? Yəqin ki, müsabiqə sonrası ictimaiyyətə bu sualın cavabı bəlli olacaq.
Bu ilki qrant müsabiqəsinin ən böyük özəlliyi isə ümumi maliyyənin 60% + hissəsinin (3,75 milyon) özəl sektora yönləndirmək cəhdidir. Yəni, özəl bağçalar şəbəkəsinin, konkret biznes layihələrin maliyyələşmə cəhdidir. Maraqlıdır, ölkədə özəl ümumtəhsil məktəbləri də var, amma məktəblərə aid qrant müsabiqəsi şərtlərində hər il qeyd edilir ki, bu qrant özəl məktəblərə aid deyil. Amma indi özəl bağçalar üçün ayrıca qrant müsabiqəsi elan edilir, özü də çox böyük məbləğdə.
Bisnesin inkişafı ilə ETN yox, KOBİA, İN, Sahibkarlığın inkişaf fondu məşğuldur. Bunu yəqin ki, ETN rəhbərliyi də yaxşı bilir.
Təhsildəki yüzlərlə problemlərə pul ayrılmadığı halda, ETN kimlərinsə özəl bağçaların inkişafına niyə 3,8 milyon vəsait ayırmalıdır?
Hərçənd KOBİA biznesin inkişafına ildə cəmi 0,5 milyon pul ayırır?
Nazir dəfələrlə təhsildə konkret problemləri səsləndirib, problemin həll yolunu soruşub. Amma bu problemin həllinə dair verilən layihələrə heç vaxt qrant ayırmayıb. Onda problemləri səsləndirməyin və ya qrant müsabiqəsinin nə mənası var?
Təhsildə belə idarəetmə ilə hansı inkişaf ola bilər?
Təhsilin inkişafı yeni ideyalara və operativ maliyyələşməyə bağlıdır.
Aktual təhsil ideyalarının reallaşmasına xidmət etməyən qrantların təhsilə heç bir faydası olmaz. Elə əvvəlki illərdəki qrantlar kimi.
Dos. İlham Əhmədov
Paralel.az