Xəzər Universitetində “Monetar siyasət və bank sisteminin tənzimlənməsinin aktual problemləri” elmi-praktiki forumu keçirilib
Xəzər Universitetində keçirilən “Monetar siyasət və bank sisteminin tənzimlənməsinin aktual problemləri”elmi-praktiki foruma dəvət edilmişdir. Əsasən üç ekspertin məruzələri əsasında müzakirə keçirilməli idi. İqtisad elmləri doktoru Ağanemət Ağayev, Sosial Tədqiqat Mərkəzindən Pünhan Musayev və mən məruzəçi qismində çıxışlar etdik.
Tədbiri giriş sözü ilə Xəzər Universitetinin müəllimi, çox hörmətli Həsən Rəhimli açdı. Daha sonra universitetin “İqtisadiyyat və Biznes yüksək təhsil fakültəsi”nin dekanı Dr. İnqilab Əhmədov tədbirin əhəmiyyəti və monetar siyasətin ölkə iqtisadiyyatındakı rolu ilə bağlı öz fikirlərini bildirdi.
İlkin məruzəçi olaraq mən “Azərbaycanda bank sektorunun problemləri və monetar risklər”adlı təqdimat etdim. Məruzəmi əsasən 4 istiqamət üzərində qurmuşdum: Azərbaycanda bank sektorunun təsviri, bank sektorunda mənfəət bölgüsü, bank sektorunda konsolidasiya riskləri və bank sektorunda risklərin təsnifatı.
Məruzəçilərin çıxışlarından sonra mövzular ətrafında tələbələrin suallarına aydınlıq gətirməyə çalışdıq. Daha sonra digər iqtisadçı həmkarımın mövzularla bağlı maraqlı çıxışları, düşündürücü rəyləri oldu.
Tədbirdən sonra nəşr olunan son 2 kitablarımı universitetin kitabxanasına hədiyyə etdim. Dəvətçilərə, Xəzər Universitetinə, qonaqlara şəxsən mənim üçün faydalı olan müzakirələrə vəsilə olduqları üçün dərin təşəkkürümü bildirdim.
Gözümüzü olduğu kimi ürəyimizi qurudan görüşlər var. Bir də ürəyə su verən görüşlər... Ruhunu pərvazlandıran görüşlər olur, bir də səni məyus edən görüşlər. Bu görüşdə ürəyimin su içdiyi görüş oldu.
Çalışın hər şey ürəyinizcə olsun! ictimai mühit çox vaxt ürəyimizdən keçənləri gerçəkləşdirməyə imkan vermir, amma çətin şərtlər daxilində yenə optimist olmaqdan başqa çarə də yox...
Belə işıqlı gəncləri görən zaman ümidlərimiz daha da artır. Təşəbbüskar, öz fikirləri olan, öyrənmək həvəsi gəncləri gördükcə gələcəyə ümidlər artır. Sözümüzün gələcəyə çatması üçün üzümüzü gəncliyə tutmalıyıq!
Məmməd Talıblı, İqtisadi Təhlil İnstitunun rəhbəri.
Paralel.az