Mandat xalqın seçdiyi namizədlərə verilsin...

Mandat xalqın seçdiyi namizədlərə verilsin...
 

Mandat sərvət toplamaq vasitəsinə çevrilməməlidir

Ölkə Prezidentinin Fərmanı ilə növbədənkənar parlament seçkisi artıq sentyabrın 1-nə təyin olunub. MSK fərmanda əks olunanları icra etməyə başlayıb.

Növbədənkənar parlament seçkisinə xalq o qədər çox maraq göstərməsə də, məmurların deputat mandatı qazanmaq və ən azı qarşıdakı 5 ildə dövlətdən oğurladıqları sərvəti qorumaq və üzdə olmaq üçün seçki marafonuna qoşulmağa cəhd edirlər.

Milli Məclisə təyinat alan deputatlarla xalq ona görə maraqlanmır ki, ölkəmiz 30 ildən çoxdur müstəqildir və bu illər ərzində mandat alan deputatlar xalqı düşündürən problemlərlə maraqlanmayıblar, ən çətin anda xalqın yanında olmayıblar, insanların ehtiyaclarına biganə yanaşıblar. Çünki deputatlar xalqa elçilik etmək əvəzinə, şəxsi qazanc əldə etməklə məşğuldurlar.

Qanunlar deputatların bizneslə məşğul olmasını qadağan etdiyi halda, deputatların əksəriyyəti banklardan külli miqdarda kredit götürüb özlərinə və yaxınlarına biznes şəbəkələri qururlar. Elə deputatlar var ki, hamı bilir ki, açıq-aşkar tikinti biznesilə məşğuldur, həmin deputata gözün üstə qaşın var, deyən yoxdur.

Xüsusən sabiq və hazırda icra başçısı vəzifəsində çalışan məmurlar deputat mandatı qazanmaq eşqinə düşdükləri barədə xəbər ölkədə geniş yayılıb. Hələlik ad çəkməsək də, səbr edib, deputat mandatı əldə etmək istəyən məmurların ortaya çıxacağı məqamı gözləmək üçün çox vaxt sərf etməyə ehtiyac olmayacağını düşünürəm.

İcra başçısı vəzifəsi kürsüsündə əyləşən nisbətən cavanlar tutduqları vəzifənin taleyinin uzun sürməyəcəyindən xəbərdar olduqlarına görə, deputat mandatı almağa daha çox can atırlar. Bu yerdə mandat satmaq al-veri üzrə peşəkarlaşmış Ramiz Mehdiyevin yeri görünür...

Növbədənkənar parlament seçkisində deputat mandatı qazanmaq istəyənlər arasında sabiq deputatların da çoxluq təşkil etdiyi bildirilir. Hakimiyyətlə yenidən deputat kürsüsündə oturacağına razılaşandan sonra MM-də əyləşən deputatların özlərini buraxmağa razı olması məhz bu şərtə əsaslanır.

Kuluarlarda dolaşan xəbərlərə görə, hakimiyyət tərəfindən növbədənkənar parlament seçkisində deputat mandatı veriləcək adamların siyahısı artıq hazırdır. Deyilənlərə görə, mandat veriləcək adamların siyahısına daxil edilənlər əsasən, yüksək vəzifə tutan şəxslərin qohumları, yaxınları olan sabiq məmurlardan və deputatlardan ibarətdir.

Müstəqil ekspertlərin rəyinə görə, növbədənkənar parlament seçkisində mandat veriləcək deputatların fəaliyyət müddətinin 5 il sürməsi şübhə altındadır. Ekspertlər bunu onunla izah edirlər ki, ölkədə yeni şəraitə uyğun olaraq referendum keçirilməsi qaçılmazdır. Referendum keçirildikdən sonra isə Konstitusiyada təsbit edilmiş yeni müddəaları işə salmağa ehtiyac yaranacaq və hakimiyyət qolları yenidən formalaşdırmağa məcbur olacaq. Hakimiyyətin vacib qollarından biri kimi MM-in tərkibi də yenidən formalaşmalı olacaq...

Artıq ikinci dəfədir ki, ölkədə növbədənkənar parlament seçkiləri təyin edilir. Mövcud Konstitusiyaya əsasən, parlament seçkiləri bu ilin noyabr ayında keçirilməlidir. Lakin dünyada gedən iqlim dəyişikliyinə həsr ediləcək COP29-un bu ilin noyabr ayının əvvəlinə Bakıda keçirilməsi Azərbaycanda parlament seçkilərinin irəli çəkilərək növbədənkənar keçirilməsinə ehtiyac yaratdı.

Arzu edək ki, bu dəfə ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkiləri demokratik, şəffaf keçirilsin və seçilən deputatlar xalqı düşündürən problemlərin həllilə məşğul olsunlar, xalqı MM-in layiq qurum olmasına inandırsınlar...

Tapdıq Abbas, Paralel.az 

0.04360818862915