Münasibətlərin normallığı üçün valideynlər nələrə diqqət etməlidir?-AÇIQLAMA

Münasibətlərin normallığı üçün valideynlər nələrə diqqət etməlidir?-AÇIQLAMA
 

Uşaqları tərbiyəli böyütmək böyük səy tələb edir. Amma uşaqları böyüdən zaman hər bir valideyn bir sıra çətinliklərlə üzləşir. Bu çətinliklərdən biri də bacı-qardaş arasında olan mübahisələrdir.

Bəs bu mübahisələr nədən qaynaqlanır?

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Narınc Rüstəmova bildirib ki, bacı-qardaş qısqanclığı ailələrdə ən çox rast gəlinən problemlərdəndir:

“Valideynlər bu vəziyyətdə övladlarının bir-birinə fiziki ziyan vurmasının qarşısını almalıdır. Onlara komanda şəklində hərəkət etməyi və münaqişələrə ədalətli şəkildə həll yolu tapmağı öyrətmək lazımdır. Burada əsas faktorlardan biri uşaqlar arasındakı yaş fərqidir. 3-6 yaş eqosentrik dönəm kimi götürülür ki, bu zaman uşaqlarda mərkəzçilik olur. Ətraflarında baş verən hər şeyin mərkəzində özlərini görürlər, xüsusi diqqət və qayğı arzulayırlar. Belə bir vəziyyətdə ailədə növbəti övladın dünyaya gəlməsi onlara qarşı qayğı və diqqətin əvvəlki kimi olmaması ilə nəticələnir. Belə ki, valideynlər yeni doğulan körpəyə daha çox zaman ayırır, diqqət edir bu da digər övladın psixologiyasına müəyyən dərəcədə təsir edir və onun yeni doğulan bacı və ya qardaşını qısqanmasına səbəb olur. Qeyd etdiyimiz yaş dönəmində bu proseslərin olması normal bir hal kimi qəbul edilir. 3-6 yaş arası uşaqlar ikinci qardaşı, bacını onlara diqqəti,sevgini həzm edə bilmir və beləcə ailədə valideyn-uşaq münasibətlərində problemlər yaranmağa başlayır”. 

Psixoloq qeyd edib ki, yaşları arasında 1-2 il fərq olan uşaqlar və ya aralarında yaş fərqi 3-6 yaşı keçən uşaqlar bir-biri ilə dost münasibətində qala bilir, ciddi problem yaşamırlar:

 “Qısqanclığı biruzə verməkdə uşaqları iki qrupa bölə bilərik: bəzi uşaqlar bunu açıq şəkildə göstərir və özündən sonrakı bacı-qardaşını qısqandığını valideynlərinə bildirirlər. Digər qrup uşaqlar isə hisslərini ifadə etməkdə çətinlik çəkir və qısqanclığını aşkar şəkildə bildirə bilmir. Uşaqlar adətən belə hallarda xırda şeyləri də problem etməyə, kövrək olmağa başlayır ki, bu da valideynlər üçün siqnal olmalıdır. Belə ki, bu hərəkətləri ilə onlar özlərini kiçik bacı və qardaşlarına bənzətməyə çalışır, sevilmədikləri duyğusunu göstərir və onlar kimi diqqət görmək istədiyini ifadə etməyə çalışırlar. Ən təhlükəli qısqanclıq tipləri şiddət şəklində özünü biruzə verəndir.Qısqanclığı, aqressiyası olan uşaqlar irəli yaşda davamlı özünü təstiqə ehtiyac durur, öz fikirlərini ifadə edə bilməkdə çətinlik çəkir və insanlara güvəni zəif olur. Həmçinin hər uşağa özünü xüsusi hiss etdirəcək şəkildə davranmaq bacı-qardaş arasındakı rəqabəti azaldacaq”.

 

0.029381036758423