"Uşağı döymək lazımdır" - Rafael İsgəndərov
"Uşaq vaxtı döyülmüşəm. Valideynlər tərəfindən döyülmüşəm, əllərinə quzu kəsim. Müəllimlər tərəfindən də döyülmüşəm, qarşılarından baş əyirəm. Gəlib evdə deyirdim ki, müəllim məni vurub. Cavab verirdilər ki, əcəb edib, yəqin nəsə etmisən vurub. Dərs oxumayanda 2 yazardılar, döymürdülər. Amma şuluqluq etmişəm, hansısa qızın hörüyünü dartmışam və döyülmüşəm. Kim döyülməyib ki?".
Paralel.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov "Şən gənc" proqramında deyib. Aktyor uşaqları döyməkdən danışıb. O bildirib ki, uşaq vaxtı çox döyülüb.
Proqramda yer alan Əməkdar artist Coşqun Rəhimov isə "Birinci sinifdən döyülmüşəm. Müəllimimin yun çubuğu var idi. Dərsdə səs saldım, əlimin üstündən vurdu, yeri də qaldı. Evdə istədim gizlədim, anam gördü. Getdi müəllimin yanına ki, vur, amma elə et ki, yeri qalmasın. Biz şiddətə qarşıyıq, amma tərbiyə metodu var: qulaq çəkmək, şillə vurmaq olmalıdır. Belə böyümüşük, yaxşı da böyümüşük. İndi dəymə uşağa, psixologiyası pozular" deyirlər" sözlərini söyləyib.
R.İsgəndərov isə "O vaxtın psixoloqu oxlov idi, kürəyinin ortasından vururdular, gəlib üstündən üzr də istəyirdin. Bəzilərində ata spirtli içki aludəçisi olur, uşağı döyür. Buna əlbəttə qarşıyıq. Amma lazımdır" sözlərini əlavə edib.