Elşad Həsənov Yasamalda səkiləri də satıb: – Sakinlər kömək istəyir
Sanki Bakının Yasamal rayonu icra başçısı Elşad Həsənova peşkəş edilib. Demək olar ki, icra başçısı rayonun ərazisində olan bütün pula gedən yerləri heç kimdən və heç nədən çəkinmədən satır. Evində pəncərə, qapı açan, evinin mərtəbəsini artıran insanlardan icta başçısının adamları rüşvət almasa dünya dağılar, amma imkan verməz...
Hətta bəzi sahibkarlar səkinin piyadalar üçün ayrıldığını gözardı edib, onu pilləkənlər, reklam lövhələri ilə yararsız hala salırlar. Nəticədə vətəndaşlar yolun avtomobil hərəkət edən hissəsiylə getməyə məcbur olurlar. Bu halda isə insanların həyatı təhlükəyə düşür.
Paralel.az bildirir ki, bu işdə yerli icra orqanların, əlaqədar icra hakimiyyətlərinin müstəsna “XİDMƏTLƏRİNİN” olması isə faktdır. Məsələn, Abşeron rayonu ərazisində məşhur “Şərurlu İsfəndiyar”ın anoloji özbaşınalığının qarşısı alındı və onun piyada səkilərini pullu parkinqə çevirməsinin qarşısı alınıb.
Amma Abşeron rayonundan fərqli olaraq, Elşad Həsənov rəhbərliyilə Yasamalda vəziyyət daha acınacaqlı hala salınıb. Rayonda sabiq icra başçıları İbrahim Mehdiyev və Əziz Əzizovun gözündən yayınıb qalan yerləri satıb qurtaran hazırkı icra başçısı indi də səkiləri əlxərcliyinə satır. Bu rayonda vətəndaşın dəyəri, bəlkə də, qara qəpiyə də dəymir. Ona görə də piyada səkiləri bu gün Yasamal RİH başçısı Elşad Həsənovun əsas gəlir yerlərinə çevrilib.
Piyadalar isə məhz başçının sayəsində hər gün gedib-gəldikləri yollarda həyatları ilə risq yaşamalı olurlar. Məsələn, Yasamalın bütün küçələrində - Şərifzadə, Mirəli Seyidov, Zahid Xəlilov küçələrində də belə xoşagəlməz mənzərə mövcuddur. Küçə ticarəti səkiləri tam zəbt edib.
Hətta icra başçısının başı rüşvət yığmağa o qədər qarışıb ki, ölkə Prezidentinin küçə ticarətinin qadağan olunması barədə Sərəncamını yerinə yetirmək belə, çoxdan yaddan çıxıb.
Yasamalda piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilər obyekt sahibləri tərəfindən tamamilə mənimsənilib. Bütün meyvə-tərəvəz satılan obyektlərin qarşısındakı səki və açıq yerlər zəbt olunub. Şikayətçilər bu barədə sosial şəbəkə hesabında paylaşım ediblər. Onlar bildirib ki, xoşagəlməz mənzərədən öncə səki olduqca dar idi və iki piyada üz-üzə gəldiyi zaman onlardan biri məcbur qalaraq avtomobil yolu ilə hərəkət etməli oldu.
Obyektlərin pilləkənləri tərəfindən zəbt olunduqdan sonra isə səkidə addım atmağa yer qalmayıb.
Hər halda, belə olmaz, yəqin, hörmətli Elşad Həsənovu da durduran tapılacaq. Elə redaksiyamıza müraciət edən sakinlərin istəyi də budur…
Yasamal sakinləri Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdan və ölkə rəhbərliyindən məsələyə təcili müdaxilə edilməsini xahiş edirlər…