Ələkbər Tağıyev və xalq şairi Hüseyn Arif - Dinə bilmədim 

Ələkbər Tağıyev və xalq şairi Hüseyn Arif - Dinə bilmədim 
 

Mətanət Tağıyeva yazır:

Bu il sevimli mahnı bəstəçisi Ələkbər Tağıyevin (1924 - 1981) və xalq şairi Hüseyn Arifin (1924 - 1992) yüz illik yubileyləri qeyd edilir. Birgə yaratdıqları “Dinə bilmədim” mahnısını xalq artisti Əbülfət Əliyevin ifasında ilk dəfə eşidəndə çox mütəəssir olmuşdum. Bir neçə ay öncə həmin sinqlın motivləri əsasənda eyniadlı hekayəni qələmə aldım. Ona görə “motivləri əsasında” deyirəm, çünki süjetdə oxşarlıqla yanaşı fərq də var. Postun ardı həmin hekayədir.
Dinə bilmədim
Novruz tətilləri başa çatmışdı. Az qala bir ildir universiteti bitirmişdim, iş tapa bilmirdim. Bakının hər rayonunda ofisləri gəzə-gəzə bir səhər gəlib çıxdım canımdan artıq sevdiyim Xəzərin sahilinə – Dənizkənarı bulvara. Hava mülayim, sakitcə dayanm;ş su şüşə səthli meydana bənzəyirdi.
Dərdi-sərimi saf-duru dəryaya pıçıldamağa hazırlaşırdım ki, bəstəboy bir gözəl qız diqqətimi çəkdi. Əynində bənövşəyi gödəkçə və topuğadək qəhvəyi don var idi. Uzun qara dalğavari saçları çiyinlərinə səpələnmişdi. Qızın iri qara gözləri dənizə baxır, mənim qonur gözlərimsə – o mələyin gözlərinə. Bir-birimizdən on addımlıqda durmuşduq. Saniyələr dəqiqəyə çevrilir, dəqiqələr bir-birini ötüb keçir. Mən heyranlıqda o pərini süzürdüm, o isə nə mənə diqqət yetirir, nə də yerindən tərpənirdi. Yaxınlaşıb nəsə soruşmaq istədim. Nəyi soruşum? “Necəsən?” Deyəcək “sənə nə var?” “Saat necədir?” “Qolundaki saat yıtb? Onda əlindəki smartfona bax da!”
Elə bu an əlimdəki smartfon cuşa gəldi. Sən demə, sonuncu müsahibəm uğurlu alınıbmış, işə qəbul olunuram və, mümkünsə, indicə ofisə gəlməyi xahiş edirlər. Sevincimi qarşımdaki yad bir qızla bölüşmək istədim. Qorxdum ki, toxtamış əhvalıma soğan doğrayar. O, yenə də hərəkətsiz dənizə baxırdı. Mənə elə gəldi ki, gözümün önündə adam yox, bir kukla, ya da heykəl durmuşdu. “Sabah sənə hər şeyi danışaram” ürəyimdə deyə-deyə qızla xəyalən sağollaşdım.
İşlə bəxtim gətirdi demək azdır. Bəxtim gözlədiyimdən də artıq gətirdi – maaşı maaş, mükafatı mükafat, boş vaxtım da kifayət qədər olacaq. Sabahı gözləmədən qayıtdım bulvara.
Qız artıq yox idi. Xəfif külək başını qaldırmış, xırda ləpələr xışıltısı ilə məni təbrik eləyirdi. Ertəsi gün işə getməzdən əvvəl yenə bulvara gəldim. Qızı görə bilmədim. Sahil sevənlərlə dolu, müəllim müşayətilə məktəbli uşaqlar parkda sanki nəsə axtarırdılar.
Anam məni evləndirmək haqda söz-söhbətə başlamışdı. Bir neçə yaxşı qızı gözaltı da eləmişdi. Mən isə tələsmirdim. Həmin mələyin intizarında idim. Anama deyirdim: “biraz gözlə. Qoy toy xərcini yığım, evi təmir edim”.
Hara gedirdim, hara baxırdım, o uzun saçlı, qara gözlü pərini axtarırdım. Sosial şəbəkələrdə çox ədəb-ərkanlı qızlarla tanış olurdum. Eləki şəkillərini göndərirdilər, ya da videozənglə üzlərini görürdüm, yolumuz ayrılırdı.
Yayda bağa köçəndə də, hər gün Xəzərin şimal sahilinə gedirdim, yalnız və yalnız onu tapmaq üçün. Əməlli-başlı vurulmuuşdum. Hamı deyib-gülürdü, yay sevinci yaşayırdı, mən isə dinib-danışa bilmirdim. Samavar salınanda “Ay Elşən, tezliklə şirnindən yeyək” kəlməsindən yaman bezmişdim, amma üzümü yana çevirib susurdum. Evdəkilər, qohum və qonşular halımın pərişanlığını yorğunluqla, ya da daha uşaq olmamağımla izah edirdilər.
Beləliklə bağ mövsümü sona çatdı. Büsatlı bir payız günü baş direktor bizləri qardaşı qızının touna çağırdı. Toy şadlıq evində və ya restoranda deyil, sahibkar əminin möhtəşəm şəhərkənarı villasında idi. Xudmani park boyda olan geniş həyətə müxtəlif növ ağac və kollar, yerli və ekzotik çiçəklər yaz təravəti verirdi. Eldar şamları əhatəsində yerləşən üçmərtəbəli saraya keçdik.
Sanki restoran boyda geniş zalda stolların üstü dünyanın hər yerindən olan nazu-nemətlə dolu idi. Qəhqəhə səslərinin, təbrik və sağlıqların arası kəsilmirdi. Ulduz musiqiçilər şənliyi daha da gur alovlandırırdı. Tamada Ülkər xanımla Orxan bəyə xoşbəxt olmaq arzusundan, yeddi oğul istəməkdən və qoşa qarımaq diləyindən yorulumrdu.
Üzümü masa başında əyləşmiş bəylə gəlinə tutdum və…
İlahi, bu nə işdir!? Ağ libaslı, zərli taclı o pərini dərhal tanıdım. Necə də xoşbəxt görünür! Dənizə baxan o qəmli gözlər indi necə də gülür, sevinir!
Özümü zorla ələ alırdım. “Ülkər, canım-həyatım! Dünyanın bər-bəzəyinə aldanma! Yanlış seçim etmisən. Yanındakı o lotuyana lovğa sənə layiq deyil. Nə olsun ki, yaraşıqlıdır. Gəl qaçanq. Səni gözləyirəm meşə həyətinizdə”. Bu sözlər sinəmdə fəvvarə vururdu. Heç bir təam yarımac qarnımı maraqlandırmırdı. Dağ vüqarlı plovu gözləmədən soyumuş çayı birtəhər içib qalxdım ayağa. Yoxsa şuluq salıb düşərdim polis bölməsinə, ya da ruhi xəstəxanaya. Bossla, qız atası ilə və həmkarlarla sağollaşıb aradan çıxdım.
Kor-peşiman döndüm evə. Anam tez gəlməyimə və rəngimin saralmasına heyrətləndi. Nə yaxşı, ona elə gəldi ki, soyuqlamışam, qızdırmam qalxıb. Çay və zoğal mürəbbəsi gətirdi. İçib sərildim divana. Yuxu gəlmirdi ki, gəlmirdi. Dağınıq düşüncələr ağlımı alt-üst eləmişdi.
Mənim dəli-divanə olmağa mənəvi haqqım yox idi. Atam dünyasını dəyişəndən sonra anam üç uşaqla əlacsız qalmışdı. Bir qarın ac, bir qarın tox bizi böyütmüşdü. Yeni ailə qurmaq təkliflərini rədd edirdi, “iki yetim qızı olan ərə getməz” deyirdi. Qohumlar bizə əl tutsa da, atamın yoxluğunu heç nə əvəz edə bilməzdi. Budur, güclə dolanışığımız yoluna düşür, bacılara cehiz almaq vaxtıdır. Mən isə bir dəfə gördüyüm kuklanınmı, heykəlinmi xəyalıyla məcnunlaşıram. Axı toydakı o kukla gəlin sübut elədi ki, mən onun üçün heçkiməm!
Səhər ürəyimi mavi dənizə açmağa qərar verdimk. Yenə canımdan artıq sevdiyim Xəzərin qoynundakı bulvara yollandım. Yenə hava mülayim, sakit sular şüşə meydançanı xatırladırdı. Nəzərdə tutduğum “qəm məntəqəsi”nə çatar-çatmaz gözümü on addımlıqda dayanmış həmin o pəri aldı. Ay aman, məni qara basır! Ülkər həminki bənövvşəyi gödəkçədə və qəhvəyi paltarda peyda olub dənizə baxır. Gözlər yenə fikirli və süzülmək istəyən yaşını gizlə saxlayır.
Cəsarət edib yaxınlaşdım.
– Sabahın xeyir, Ülkər! Yenə burdasan.
– Burda olmaya bilməzdim. Noyabrın onu və martın iyirmi yeddisi həmişə bura gəlirəm.
Lalə yanaqlarına axan göz yaşları ona sözünü tamamlamağa imkan vermədi. Yaylığımı çıxarıb üzünü sildim. Skamyaya oturduq.
– Ülkər, nişanlın uzaqdadır?
Gülümsədi, sonra yenə qəmgin baxışlarla məni süzdü.
– Hər il onun doğum və vəfat tarixlərində səhər bulvarda dənizi seyr edirəm.
“Deməli, lovğa bəy onu unutdura bilmədi”, – düşündüm. Qız isə davam elədi:
– Atamgil üç qardaş idi. Cavidlə sənin şefin Vahid əkiz idilər. Qardaşı qızlarını aralarında bölmüşdülər. Cavid mənim əmim idi, Vahid – bacımın. Beş il əvvəl Cavid dostlarıyla bulvara gəlir. Dostların biri çox içmişdi, suya tullanır, üzə bilməyib boğulmağa başlayır. Əmim də onu xilas eləmək üçün dənizə atılır. “Fövqəladə”dən[1] tez gəlirlər, hər ikisinə kömək eləmək istəyirlər. Sərxoşu sudan yarımcan çıxardılar, yaxşı üzən Cavidi qıc tutdu. Heç nəyin üstündə həlak oldu, – Deyə qız hönkürdü.
– Allah rəhmət eləsin! Yəni əmini belə çox istəyirdin!
Qızın incə əllərini sığalladım:
– Bəs bəxt üzüyün hanı?
Yenə gülümsədi:
– Qabağına çay qoyana baxsaydın… Elə bilirsən, dünən sənə fikir vermirdim? Gözünü Ülkərdən çəkmirdin. Mən Ülfətəm.
Fevral 2024.


[1] Fövqəladə Hallar Nazirliyinin dalğıcları.

Paralel.az 

0.012233018875122