10 iyun Azərbaycanın xalq şairi Süleyman Rüstəmin anım günüdür 
   

10 iyun Azərbaycanın xalq şairi Süleyman Rüstəmin anım günüdür    
 

Xalq şairi Süleyman Rüstəm haqqında istər sovetlər zamanında, istərsə də postsovet dövründə kifayət qədər ziddyyətli fikirlər söylənilib. Şairin – “Layka göydə edir “ham-ham!” mən ondan alıram ilham, yaxud, “Sus tar, sus, tar, sevmir səni proletar”, yaxud, “get mazuta bulaş, nöyütdə cim, proletar adını özünə elə pərcim!” kimi şeirləri nə qədər paradoksal görünsə də şairin icindən gələn,kinin, nifrətin, ironiyanın, sarkazmın, insan hüquq və azadlıqlarına qarşı yönəlmiş zorun, zülmün ezop dilində ifadə olunan əks-sədasıdır desək səhv etmərik.
Cəsarətlə demək olar ki, Süleyman Rüstəm qədər vətənpərvər, yurdsvər, prinsipial şairə cox az rast gəlinir.. O, sadəcə olaraq sovet dəyərlərinə,bolşevik –proletkult mədəniyyətinə dərin IRONIK münasibət bəsləyirdi. Əslində belə bir IRONIK münasibət, KINAYƏ, öldürücü SARKAZM dahi şairimiz M.Ə Sabirdə daha qüvvətlidir.
Məsələn, Sabir millətə “oyan , ayağa qalx”-əvəzinə:
"Lay-lay, bala laylay,Yat qal dala laylay" deyə müraciət edəndə öz nifrətini bildirirdi.Yaxud, şair millətə - “Qovzama başın, cocuğum, səbr elə- deyə müraciət edəndə məhz ironiyanın, rişxəndin, sarkazmım öldürücü, yandııcı gücündən istifadə edirdi. Bu mənada mayasında öldürücü SARKAZM, "zəhərl,", - KİNAYƏ olan fikirlər Süleyman Rüstəm yaradıcılığında da sözün həqiqi mənasında mühüm əhəmiyyət kəsb edir.Hec şübhəsiz ki Xalq Şairinin şeirlərindəki ictima-siyasi motivlər gələcəkdə daha dərindən öyrəniləcəkdir.
Danılmaz bir həqiqətdir ki, cağdaş milli ədəbiyyatımızda iki Süyeman Rüstəm görürük - birincisi sovet ədəbiyyatşünaslarının bizə tanıtdığı təqdim etdiyi Sü
leyman Rüstəm,, ikincisi isə yaradıcılığına ötəri, səthi, üzdəngetmə "bələd" olduğumuz , əsl simasını "eynək altından" gördüyümüz Xalq şair.i Süleyman Rüstəmdir.

BAŞ TUTMAYAN "AVTOQRAF"...

1976-ci ilin payiz günlərindən biri idi. Ölkənin ən böyük ali təhsil ocağı olan Bakı Dövlət Universitetində (Azərbaycan Dövlət Universiteti) Xalq Şairi Süleyman Rüstəmin yubiley gecəsi keçirilirdi. Böyük akt salonunda iynə atsan yerə düşməzdi. Səhnənin yuxarısından asılmış qumaşın üzərindəki dəfnə budağının təsviri ilə əhatələnmiş qızılı rəngli 70 rəqəmi bərq vururdu.
Yubilyar səhnədəki qırmızı örtüklü masanın arxasında əyləşmişdi. Çöhrəsində özünəməxsus məsum bir təbəssüm vardı. Universitetin müəllimi, professor Qulu Xəlilov xitabət kürsüsünə qalxdı. Bir anlığa salona nəzər saldı və sonra təbəssümlə salondakılara müraciətlə, - baxın,- dedi, bu “Təxti Süleyman” bizim milli poeziyamızın Süleymanı üçün qurulub. Salonu alqış sədaları bürüdü. Hamı ayağa qalxıb şairi ayaq üstə alqişladı. Məruzəçi şairin həyat və yaradıcılığı, onun gənclik illəri, böyük ədəbiyyata gəlişi, ilk qələm təcrübələri, müxtəlif mətbuat orqanlarında çap olunmuş şeirləri, nəşr olunmuş kitabları , səhnə əsərləri barədə sinə dolusu və xüsusi bir ehtirasla danışırdı. O, yeri gəldikcə şairin əsərlərindən nümunələr gətirir, mənalı ricətləri, cəsarətli eyhamları ilə söz sərraflarına “söz anladır”, mənalar içində məna hədəfləyirdi. Maraqlı məzmun və orijinal formada hazırlanmış məruzə hamını sehrləmişdi.
Qulu müəlllimi dinlədikcə məktəb illərində dərsliklərdən tanıdığım, lakin həyatda canlı olaraq ilk dəfə gördüyüm bu böyük şairi sanki yenidən kəşf edir, bu həlim təbiətli, gülərüzlü, milli poeziyamızın qocaman ustadını daha yaxından tanımağa başlayırdım. Nə qədər paradoksal görünsə də mənə elə gəlirdi ki, qarşımda həm çoxdan tanıdığım, həm də ilk dəfə gördüyüm bir şair dayanıb.
Professor Qulu Xəlilov Xalq şairi Süleyman Rüstəmin yaradıcılığının dərsliklərdə yazılmayan tərəfləri, onun həyatının “sirli-soraqlı” məqamları barədə indiyədək hər kəsin bilmədiyi gerçəklikləri məharətlə, böyük ustalıqla, həm də emosuonal bir üslubda təqdim edirdi.
Söhbət şairin milli müstəqillik, cənub həsrəti, ikiyə bölünmüş vətən torpağı, qardaş nisgili, Təbriz motivləri ilə bağlı mövzülarda yazdığı şeirlərə çatdıqda salon ayağa qalxdı. Tələbələr yubilyarı ayaq üstə alqışlayırdılar. Məruzəçi böyük ürək sahibi olan şairin cənub mövzusuna həsr olunmuş şeirlərindən elə bir ovqat və məftunluqla danışırdı ki, sanki ona “xalqlar həbsxanası” olan sovetlər ittifaqının yaxın gələcəkdə dağılacağı, xalqların öz milli müstəqilliyini əldə edəcəkləri ilə bağlı “vəhy” gəlmişdi. Qulu mü-əllim bir anlığa susaraq, üzünü salondakı izdihama tutdu:
- Xalqımızın şair oğlu Süleyman Rüstəm o taylı bu taylı vətənimizin taleyini nəinki bir şair kimi, həm də bir əsgər kimi yaşamışdır. Hələ gənc yaşlarında, sovet ordusunda xidmət edərkən, taleyin hökmüylə Təbrizə gedib çıxan şairin ürəyi ikiyə parçalanmış o taylı - bu taylı vətənin ürəyi ilə həmişə bir vurub.
Məruzəçinin Süleyman Rüstəm yaradıcılığının ən incə və dərin məqamlarına işıq tutması, hətta DTK agentlərinin əlinə fakt verə biləcək “xatalı izahları”, şairin Ezop dili ilə yazdığı bir çox mətləbləri açıq mətnlə deməsi salondakı tələbə-gəncləri coşdurur, onlarınn qanını qaynadırdı. Bayırda payız havası olsa da, salonda bahar hərarəti duyulurdu. Qulu müəllim şairin ”Cənub silsiləsi”ndən olan şeirlərinin az qala hər kəlməsini, hər misrasını böyük bir həvəs və emosionallıqla təhlil edir, şərh verir, mənalandırırdı. Növbə nəhayıt ki, dillər əzbəri olan “Təbrizim” şeirinə çatdı:
İzin ver qolumu salım boynuna,
Sənin bayramına, sənin toyuna ,
Canı bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.

Birdən-birə salonda sanki zəlzələ qopdu. Ətraf fırtınalı dəniz kimi təlatümə gəldi. Alqış sədalarından, salondakıların hayqırtısından pəncərələrin şüşələri cingildədi. Hamı ayağa qalxdı. Sanki nəhəng bir xor kapellası oratoriya ifa edirdi:

A-zər-bay-can! A-zər-bay-can! A-zər-bay-can!...

Adama elə gəlirdi ki, bu hayqırtılar, bu nidalar, bu həyəcanlar heç vaxt dayanmayacaq, beləcə əbədiyyətə qədər davam edəcək. Salonda emosiyalar coşub daşırdı, hiss və duyğular sel suları kimi çağlayırdı. Eyforiya, ipə-sapa yatmayan coşqu elə bir həddə yüksəlmişdi ki, şairin özü də ayağa qalxdı. Onun çöhrəsi nurlanmışdı. Alqış sədaları dayanmaq bilmirdi. Spontan olaraq yaranmış bu coşqu o qədər güclü idi ki, hətta unuversitet rəhbərliyi, partiya, komsomol təşkilatı katibliyi,təhlükəsizlik məsələlərinə cavabdeh olan şəxslər əməlli başlı narahat olmağa başlamışdılar. Lap ön cərgədə əyləşmiş professor-müəllim heyətinin içərisindən məruzəçiyə - pröfessor Qulu Xəlilova işarələr vermək məcburiyyətində qalanlar da vardı. Amma, o, bu “işarələrə” heç bir əhəmiyyət verməyərək öz işində idi. Nəhayət yubil-yar əlini ürəyinin üstünə qoyub salona baş əyməklə minnətdarlığını bildirdı. Bu an nəzərlərim onun çöhrəsinə dikilmişdi. Bu çöhrədə qəribə bir işıq vardı. Və bu işıqdan hamının üzü nurlanmışdı. Lakin tələbələrin çoxu kimi mən də poeziyamızın 70 yaşlı ağsaqqalından başqa bir “pay” da umurdum - şairin şəxsi dəst-xəttini, onun avtoqrafını almağı.
Təntənəli yubiley gecəsi sona yetdi. Şairdən avtoqraf almaq istəyənlər onu üzük qaşı kimi dövrəyə almış, keçilməz bir sədd yaratmışdılar. O vaxt daha zirəklər, daha tez tərpənənlər arzularına nail olsalar da şairin imzasını almaq bir çoxlarına, eləcə də mənə nəsib olmadı.
***
Universiteti bitirimişdim, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışırdım.. Bədii Şuranın məsul katibi olduğum üçün çəkilşə buraxılacaq filmlərin ssenarilərinin nə zaman müzakirə olunacağı barədə əvvəlcədən məlumat alırdım.
Öyrəndim ki, yaxın günlərdə Süleyman Rüstəmin “Qaçaq Nəbi” mənzum dramının motivləri əsasında yazılmış “Qanlı zəmi” (ilk variantda “Atları yəhərləyin”) kinossenarisinin müzakirəsi olacaq. Doğrusu bu xəbər məni çox sevindirdi. Məsələ orasındadır ki, o zaman Respublika Ali Sovetinin sədri vəzifəsində çalışan, şair filmin ssenari həmmüəlliflərindən biri olduğu üçün Bədii şuranın müzakirəsində iştirak etməli idi. Yadıma universitetdə oxuyarkən keçirilən yubiley gecəsi və baş tutmayan avtoqraf əhvalatı düşdü. Budur, tale arzumu həyata keçirmək üçün mənə ikinci dəfə şans vermişdi.
Bədii şuranın müzakirəsi çox maraqlı keçdi. Hamı filmin şəkilişə başlamasına yekdilliklə səs verib yaradıcı heyətə müvəffəqiyyət arzuladı. Artıq, vaxt idi. Şairdən avtoqraf almağın məqamı yetişmişdi. Tələsik iş otağıma qaçdım.Şairdən avtoqraf almaq üçün az qala bir həftə əvvəlcədən masamın üstündə saxladığım kitabı götürmək istədim.Heyhat, kitab yoxa çıxmışdı. Otaqdakı kitab dolablarını, yazı masa-sının siyirtmələrini ələk-fələk eləsəm də kitabı tapa bilmədim. “Ola bilməz”-deyə təəccübləndim. Elə bu an qonşu otaqdakı iş yoldaşım əlində kitab otağa girdi. Bağışla,- dedi,- bayaq otaqda olmadığın üçün icazə ala bilmədim. Buyur, bu da sənin kitabın.
Kitabı götürüb cəld otaqdan çıxdım. Dəhlizin sonuna kimi yüyürdüm. Fəqət artıq gec idi... Bayaq şairi gətirən qara rəngli avtomobil kinostudiyanın həyətindən çıxırdı. Böyük bir məyusluq və təəssüf hissiylə iş otağına qayıtdım. Yazı masasının üzərinə çökərək başımı əllərimin arasına aldım. Taleyin mənə verdiyi ikinci şansi da beləcə əldən vermişdim. Böyük şairdən avtoqraf almaq qismətimdə deyilmiş. Elə bu an hardansa bir mahnı qanadlandı. Payız yarpaqları kimi kədərli, kövrək və həzin bir mahnı vücudumu titrətdi. Müğənni Zeynəb Xanlarova şairin sözlərinə bəstələnmiş mahnını kövrək və həzin bir səslə oxuyur- du:
Beş-altı mahnının müəllifini,
Sevən ürəklərdə axtararsınız.
Yaman kövrəlmişdim. Eh..həyat...həyat! Doğru-danmı vaxt gələcək poeziya dünyamız Süleymansız qalacaq? Özünün dediyi kimi, doğrudanmı biz şairi “sevən ürəklərdə” axtaracağıq? Qəribədur, həm kədərlənmişdim, həm də ruhən arzusuna yetmiş insanlar kimi özümü rahat hiss edirdim. Qeyri-ixtiyarı olaraq gülümsədim, sən demə mən şairdən çoxdan avtoqraf almışammış. Xalqımızın şair oğlu Süleyman Rüstəmin mahnılarda qanadlanan hər sətri, hər misrası, hər bəndi ürəklərə yazılmış avtoqraf deyildimi?!

Cəlal Yaquboğlu
“Günay”qəzeti, 1998

Paralel.az 

0.061133146286011