Dövlət vətəndaşa xidmət etməlidir

Dövlət vətəndaşa xidmət etməlidir
 

Tapdıq Abbas

Qəzetin təsisçisi, Qarabağ müharibə veteranı, pedaqogika üzrə fəlsəfə doktoru, "Əməkdar mədəniyyət işçisi, Qarabağ Komitəsi İdarə Heyətinin üzvü, Azad Jurnalistlət Təşkilatı İB İdarə Heyətinin sədri

Atatürk vətəndaşa xidmət edən güclü Türkiyə dövləti yaradıb

Dünyada güc sahibinə çevrilmiş dövlətlərin təcrübəsi təsdiq edir ki, dövlətin qüdrəti vətəndaşa xidmətdən son dərəcə asılıdır. Ona görə də, dövlətinin güclü olmasını istəyən hər bir dövlət rəhbəri, ilk növbədə, vətəndaşlara xidmətin qayğısına qalır.

Əgər ölkə vətəndaşları sağlam və normal təhsil almağa malik olarsa, onlar dövlətin bütün sahələrində məhsuldar işləmək qabiliyyətinə sahiblənərlər. Məsələn, dövlətin ən sağlam güc, enerji tələb edən sahəsi ORDUDUR. Əgər gənclər sağlam və normal təhsil alarsa, gənclərə normal vətəndaş kimi xidmət göstərilərsə, dövlətin ORDUSUNUN əsasını təşkil edən ƏSGƏR yenilməz gücə, qüdrətə sahib olar.

Gəlin görək, Azərbaycanda dövlətin əsas güc mənbəyi sayılan vətəndaşa xidmətin mövcud durumu, düşməni çox olan ölkəmizin müdafiə qüdrətini təmin etməyə nə qədər hazırdır?

Əslində, dövlətin vətəndaşa xidmət sahələrini inkişaf etdirmək imkanını artırmaq məhz sağlam və yüksək təhsilli vətəndaşlardan asılıdır. Təkrar edirəm ki, gücü, iqtisadi qüdrəti yüksək olan hər bir dövlətin vətəndaşları sağlam və yüksək təhsilə malikdir. ABŞ-ın, Qərb ölkələrinin, Yaponiyanın, Skandinaviya ölkələri həm də ona görə güclüdürlər ki, həmin ölkələrdə vətəndaşlara yüksək xidmət göstərilir, tibbi xidmət, təhsil sistemi və bütün xidmət sahələrini inkişaf etdirmək sahəsində öndədirlər.

Son 20 ildə Azərbaycanda da bütün sahələrlə yanaşı, vətəndaşlara xidmət, xüsusən səhiyyə və təhsil sahələrinin inkişafı üçün ölkə Prezidenti tərəfindən xeyli müsbət iş görülüb, qanunlar qəbul olunub, Sərəncamlar verilib, Dövlət Konsepsiyaları qəbul olunub.

Lakin əldə olunan nəticələr heç ürəkaçan olmadı. Əldə olunan nəticələr göstərdi ki, vətəndaşa xidmət sahələrinin inkişaf etdirilməsi üçün nəzərdə tutulan səviyyə alınmır. Çünki ölkə Prezidentinin təşəbbüsü ilə qəbul olunan qanunları, verdiyi Sərəncamları, təsdiq etdiyi Dövlət Konsepsiyalarını səmərəli həyata keçirmək qabiliyyətinə malik olan, rüşvətsiz işləməyi bacaran kadrlar yoxdur.

Əli təmiz kadrlar haradan olsun ki?! SSRİ-nin despot rəhbəri və insanları kommunizm qurucusunun əxlaq kodeksilə aldadıb, yanlışlıqla rəhbərlik etdiyi illər ərzində gənc nəsli manqurtlaşdırmaqla məşğul olan İ. V. Cuqaşvili (Stalin) və ondan sonrakı Sov.İKP MK rəhbərlərinin qəsdlə yetişdirdiyi rüşvətxor nəsillə müstəqil Azərbaycanda müasir tələblərə cavab verən və vətəndaşa xidmət göstərən cəmiyyət yaratmaq çox çətindir.

SSRİ-nin dağılmasından hələ 3 il qabaq, yəni 1988-ci ilin fevralında Xankənində başlayan "miatsum" mitinqləri, Azərbaycan müstəqillik qazandıqdan sonra da, düz 27 il davam etdi. Rusiyanın hərbi-iqtisadi dəstəyinə arxalanan Ermənistanın ölkəmizə təcavüzü nəticəsində yaranan çətin durum, bütün sahələrdə olduğu kimi, Azərbaycanda vətəndaşa normal xidmət sistemi yaratmaq imkanı vermədi.

Azərbaycan dövləti 2020-ci ildə 44 günlük müharibədə və 2023-cü ilin sentyabrında birgünlük antiterror əməliyyatı nəticəsində Ermənistan törtöküntülərini darmadağın etdi. 27 il işğal altında qalmış torpaqları azad etdi, ölkəmizin suverenliyi və ərazi bütövlüyü təmin edilsə də, lakin ölkəmizin idarə olunmasına hələ müdaxilə imkanlarını saxlayan Rusiya "5-ci kalon" vasitəsilə rüşvətxor məmurları müdafiə edir və dövlətimizin sağlam təməl üzərində güclənməsinə, vətəndaşlara normal həyat yaşamağa imkan vermir.

Eyni zamanda, Qəbin Cənubi Qafqaza, xüsusən Ermənistan vasitəsilə, ABŞ başda olmaqla, Fransa və Aİ-nin daxil olması və Azərbaycana qarşı düşmən münasibət bəsləməsi haqlı olaraq sadə insanlarda qəzəb hissi doğurur. Ermənistanın ölkəmizin 7 rayonunu 27 il ərzində darmadağın etməsi, çöpü çöp üstə qoymamasına baxmayaraq, Qərb ölkələrinin cinayətkar Ermənistanı müdafiə etməsi ölkəmizə qarşı xəyanətdən başqa anlama kəsb etmir.

Xüsusən Fransanın təcavüzkar Ermənistanı silahlandırmağa cəhd etməsi, Azərbaycana qarşı düşmənçiliyi gücləndirməsi müharibə vəziyyətində olan iki düşmən ölkə arasında sülh müqaviləsi bağlanmasını tam təhlükə altına salır. Bu da Azərbaycan rəhbərliyinin diqqətini vətəndaşlara xidmətin qayğısına qalmağa deyil, daha çox hərbə diqqət yetirməyə təhrik edir.

Dünyada özlərini "demokratiya, qanunların aliliyinin və insan haqlarının beşiyi" adlandıran superdövlətlərin heç kimə xoş gəlməyən qanunsuz hərəkətləri nəticəsində müharibə şəraitində yaşayan Azərbaycan dövlətində hansı normal inkişaf edən sahədən, o cümlədən vətəndaşlara yüksək keyfiyyətli xidmət olunmasının qayğısına qalmaqdan bəhs etmək olar?!

Hazırda Azərbaycan vətəndaşlarının çəkdiyi zülmün məsuliyyəti, hər şeydən əvvəl, dünyanı idarə edən supergüclərin üzərinə düşür. Çünki dünyanı təkqütblü idarəetməyə çalışan ABŞ və inkişaf etmiş Avropa dövlətləri üzv olduqları BMT TŞ-nin qəbul etdiyi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından danışıqsız çıxması barədə 4 Qətnaməni ATƏT-in Minsk Qrupuna daxil olan ABŞ, Fransa və Rusiya zamında həll etsəydilər, təcavüzkar xristian Ermənistanın nazı ilə oynamasaydılar dünya və Azərbaycan vətəndaşları hazırkı pis duruma düşməz, bəlkə də, Ukraynada və Qəzzada milyonlarla insan qanı barbarcasına tökülməzdi.

Azərbaycan rəhbərliyini heç qınamalı da deyil. Dünyada nə qədər güclü dövlət varsa, hamısı ölkəmizin təbii sərvətlərinə göz dikib. Azərbaycan xalqı dünyanın güclü dövlətlərinin günahı, sümürgənliyi üzündən öz sərvətlərindən normal faydalana bilmir. Azərbaycan zəngin neft-qaz ölkəsi olduğu halda, vətəndaşlar işıq və qaz kvotasına məruz qalır, ölkə vətəndaşlarına normal qaz yandırmaq əvəzinə, təhlükəli səmt qazı yandırmağa, avtomobilini baha qiymətə bezinlə işlətməyə məcbir edirlər.
Avropa İttifaqının üzvü olan ölkələrin bir hissəsinə, qonşu Gürcüstan və qardaş Türkiyəyə satılan neft-qaz və elektrik enerjisinin Azərbaycan vətəndaşlarına satılan qiymətdən nisbətən ucuz satılması vətəndaşları çox qəzəbləndirir.

Bir sözlə, dünyanın güc mərkəzlərinin rəhbərləri başlarını itiriblər. Haqq-ədalət göyə çəkilib, heç kim heç kəsin şikayətinə baxmır. Dünyanın hansı səmtə doğru yönələcəyini Rusiya Ukrayna müharibəsinin nəticəsi həll edəcəyinə göz dikən supergüclərin durumu nigarançılığı bir qədər də gücləndirir.

Arzu edək, Allah hazırkı çətin zamanda Azərbaycanımızı qorusun!..

 

5.6081500053406