Yeniyetmə imtahan nəticəsinə görə niyə intihar edir?
İmtahana görə intiharların əsl səbıbi nədir? Belə faciələrin qarşısını almaq üçün cəmiyyət nə edə bilər?
30 il əvvəl belə bədbəxt hadisələr olmurdu. Kölgə təhsilinin inkişafı səbəbi ilə valideynlər repetitorlara illər ərzində o qədər pullar xərcləyirlər ki, şagird pis nəticə göstərəndə, düşünür ki, atam mənə görə bu qədər bank kreditlərinə girdi, öz müalicəsini yarımçıq saxladı, amma mən onun etimadını doğrulda bilmədim. ... Stressdə olan şagird valideynin gözünə baxa bilmir, formalaşmamış zəif uşaq xarakteri çıxış yolunu intiharda tapır.
İndiki çətin iqtisadi şəraitdə valideynlər repetitor xərclərini digər mühüm xərcləri ixtisar etməklə təmin edə bilir. Repetitorluq ailələrə maddi mənada böyük əlavə yükdür. Dövlət məktəblər tikir, büdcədən təhsilə xeyli pul ayırır, valideynlər dövlətə vergi verir, üstəlik də hər övladına görə valideyn ildə 5 min manat repetitorlara niyə pul verməlidir? Bu dövlətin sosial siyasətinə ziddir.
Biz repetitorluğu tənqid edəndə, bu problemin bütün aspektlərini nəzərə alıb, fikir bildiririk. Nə qədər ki, kütləvi repetitorluq var, belə bədbəxt hadisələrdən heç bir ailə sığorta olunmayıb.
Hesab edirik ki, təhsil nazirliyi bu bədbəxt hadisədən nəticə çıxarmalıdır. Nazirlik vaxtı ilə kölgə təhsilini, repetitorluğu necə yaradıb və kütləviləşdiribsə, 30 ildə keyfiyyətsiz dərsliklər yaratmaq ənənəsini necə qurubsa (bu amil də repetitorluğun inkişafına təkan verir), eləcə də bu problemləri həll etmılidir. Bunun sadə həll yolları var. İstəsələr, təbii ki, həll edə bilərlər.
Kölgə təhsilindən gələn haram pullar bəzi məmurların reallığı görməsinə deyəsən imkan vermir.
Yeniyetmələrin həyatı bahasına başa gələn, ailələrin kütləvi halda maddi sıxıntılarına səbəb olan kölgə təhsili başqa neqativlərə də meydan açır.
Bu həm də əsl müəllimlərin zəhmətinə kölgə salır.
Dos. İlham Əhmədov
Paralel.az