Təhsil menecerlərini də sertifikasiya edəkmi?

Təhsil menecerlərini də sertifikasiya edəkmi?
 

Bizim unikal təhsil siyasətimiz var.

Müasir dövrün və gələcəyin mükəmməl təhsil texnologiyası olan distant təhsil sistemi təhsil menecerlərimiz tərəfindən qadağan edilib. Amma məktəbi, ənənəvi sinif-dərs sistemini iflic edən, uşaqları məktəbdən didərgin salan, şagirdlərin dərsə davamiyyətini ciddi şəkildə zəiflədən, kölgə təhsilinə təkan verən repetitorluq isə menecerlər tərəfindən hər cür qayğı və dəstəklə əhatə edilib.

Dünya təhsil praktikasında rəmsallaşma və süni intellektin tətbiqi nəticəsində, distant təhsil sistemi yeni inkişaf və keyfiyyət səviyyəsinə yüksəlib. Hər bir tələbənin fərdi təhsil trayektoriyası əsasında formalaşan böyük verilənlər bazasının (dataların) təhlili əsasında unikal fərdi təlim strategiyaları yaranır.

Təhsil məmurlarının müvafiq sahədə bilgilərinin azlığı səbəbi ilə Universitetlərimizi belə bir innovativ təhsil mühitindən illər boyu təcrid etmək nə deməkdir ?

Əgər bu bağışlanmaz səhv mımurların həqiqətən bilgi azlığı səbəbi ilədirsə, onda xarici təhsilli menecerlərin yerli universitetlərin məzunlarından nə fərqi oldu?
Hər bir menecerin xaricdə təhsilinə dövlətin ayırdığı yüz minlərlə dollar niyə səmərəsiz oldu? Yox, bu səhvlər məqsədli şəkildə edilirsə, onda daha ciddi suallar yaranır.

Bəlkə elə menecerlərin də sertifikasiyasını təşkil edək? Əgər təhsil menecerləri yerində deyillərsə, onda 150 min müəllimin sertifikasiyası təhsilə heç nə verməz. Məhz bu səbəblərdən hələ də normal təhsil siyasətimiz yoxdur.

Bəlkə də, dünyada belə sistemsiz və dolaşıq təhsil siyasəti olan 2-ci bir ölkə tapmaq mümkün olmaz.

Dos. İlham Əhmədov 

Paralel.az 

0.029922008514404