Sərxoş vəziyyətdə Hitlerin furajkasını başına qoyan leytenant – o, fürerin sevimli pilotu olub
1942-ci ildə Almaniya Hərbi Hava Qüvvələrinin keçirdiyi uğurlu əməliyyat haqqında Adolf Hitlerə məruzə edəndə fürer pilotları qurumun qərargah-düşərgəsində təltif etməyi qərara alıb. Dərhal təltif ediləcək pilotların siyahısı hazırlanıb. Siyahıda olan 12 nəfərə fürerlə görüşə hazırlaşmaları əmr edilib. Onların arasında leytenant Erik Hortman da olub. Hortmanın son üç gündə 9 ABŞ qırıcısını, 14 sovet təyyarəsini məhv etməsi Hitleri xüsusilə qürurlandırıb, fürer leytenanta “Dəmir Xaç” ordeni verilməsi ilə bağlı əmr imzalayıb.
Hitlerin qərargaha gəlişinə yüksək səviyyədə hazırlıq görülüb, amma görüş problemsiz ötüşməyib. Problemi yaradan isə leytenant Hortman olub. Fürerin sevimli pilotu sonralar verdiyi müsahibələrdə həmin günü aşağıdakı kimi xatırlayıb:
“Üç günlük hava döyüşlərindən sonra dislokasiya yerinə qayıtdım. Bu üç gün ərzində düşmənin 23 təyyarəsini məhv etmişdim. Bu uğuru əvvəlcə konyakla qeyd etdik, daha sonra şampan şərabı içdik. Üç gün normal qidalanmadığımdan alkoqol məni sərxoş etmişdi. Ayaq üstə güclə dayanırdım. Birdən xəbər gəldi ki, fürer qərargaha gəlir, mənə də “Dəmir Xaç” ordenini təqdim edəcək. Bir neçə dəqiqədən sonra Hitlerin adyutantı Nikolaus fon Belov gözümə dəydi, sonra fürer bir qrup adamla qərargaha keçdi. Komandirim dedi ki, özümü qaydaya salım. Sərxoş vəziyyətdə nəyə gücüm çatdısa etdim, formamı qaydaya saldım, amma furajkamı (hərbi baş geyimi) tapa bilmədim. Qərargahın qəbul otağındakı stola qoyulmuş furajkalardan birini götürdüm. Komandirim gözlərini bərəldib soruşdu ki, nə edirsən? Cavab verdim ki, furajkamı itirmişəm, 5-10 dəqiqəlik bunu başıma qoyacam. Artıq furajka başımda idi. Bu hərəkətimə komandir daha da hirsləndi və üstümə qışqırdı:
-Sən neyləyirsən? Sən nə etdiyini dərk edirsən?
Çətinliklə onun cavabını verdim:
-Mən sizi anladım, komandir. Yəqin furajka başıma çox böyükdür.
Komandir isə əsəblərini cilovlaya bilmirdi:
-Sən bilirsən o kimin furajkasıdır? Sən hansı cəsarətlə fürerin furajkasını başına qoyursan.
Mən isə öz ampluamda idim:
-Fürerin nə böyük başı varmış.
Furajkanı yerinə qoyub başıaçıq içəri keçdim. Hitler məni böyük ehtiramla salamladı, əlimi sıxdı, mükafatı təqdim edib təbrik etdi, bir az da təriflədi. O, hər şeydən anlayışlı bir şəxs idi. Həmin görüşdə bir xeyli aviasiyadan da danışdı. Amma mən onu anlayacaq halda deyildim...”
Qeyd edək ki, Hortman dünyanın aviasiya tarixində ən yüksək göstərici əldə edən qırıcı təyyarə pilotu sayılır. II dünya müharibəsində ümumilikdə 1404 döyüş uçuşu həyata keçirən Hortman 802 hava döyüşündə rəqib tərəfin 376 təyyarəsini məhv edib. Onlardan 347-si SSRİ-yə məxsus olub.
Erik Hortman 1922-ci ildə Almaniyanın Vaysax kommunasında anadan olub. 18 yaşında Almaniya Hərbi Hava Qüvvələrində xidmətə başlayıb. İki il hazırlıq keçdikdən sonra, 1942-ci ildə o, qırıcı pilotu kimi şərq cəbhəsinə göndərilib. Həmin vaxtı heç kimin ağlına gəlməyib ki, bu çəlimsiz, zəif cavan oğlan aylar keçdikdən sonra “as pilot” adını qazanacaq, SSRİ-də isə onu “qara şeytan” adlandıracaqlar.
Erik Hortman hava döyüşlərindən heç vaxt “əliboş” qayıtmayıb. ABŞ, Britaniya və SSRİ-nin hərbi təyyarəçiləri onu, üzərində ürək və qara zanbaq şəkilləri əks olunmuş qırıcısını məhv etməyə cəhd etsələr də cəhdləri boşa çıxıb. Müharibə dövründə Hortmanın qırıcısı 14 dəfə qarşı tərəfin atəşlərinə məruz qalıb, amma o, bütün bu təhlükələrdən sağ çıxmağa müvəffəq olub.
1943-cü ildə təyyarəsi vurulduqdan sonra paraşütlə yerə tullanan Hortman sovet hərbçiləri tərəfindən əsir götürülüb. O, bu vəziyyətdən də çıxış yolu tapıb. Onu əsir götürəndə özünü yaralı kimi aparıb. Hortmanı xərəyə uzadıb yük maşınının kuzasına qoyublar. Maşın beş-on dəqiqə irəlilədikdən sonra alman qırıcılarının bomba yağışına düşüb. Sürücü maşını saxlayıb. Hortman fürsətdən istifadə edib kabinədə əyləşən rus zabitinə bir-iki zərbə vurub, sürücü isə qaçıb. Hortman yol qırağındakı meşəyə üz tutub. Bir neçə saat getdikdən sonra o, meşədə sovet patrullarını görüb və bununla da hansı istiqamətə gedəcəyini müəyyənləşdirib. Hortman sovet patrullarının getdiyi istiqamətə deyil, əks istiqamətə üz tutub. Nəhayət, bir neçə saatdan sonra o, qarşıdakı postda alman dilində danışan nəzarətçilərin səsini eşidib. Onlara yaxınlaşanda nəzarətçilərdən biri atəş açıb. Atılan güllə Hortmanın şalvarında dəlik açsa da, onu yaralamayıb. Onu dərhal öz qərargahına çatdırıblar.
Hortman 300-cü təyyarəni məhv edəndə Hitler onu canlı əfsanə adlandıraraq döyüşə buraxılmaması haqqında göstəriş verib, onu hərbi aviasiya təlim mərkəzinə komandir təyin edib. Məqsəd dünyada ad çıxaran “as pilotu” qorumaq olub. Hortman bu təyinatı qəbul etməyib, hərbi subordinasiyanı pozaraq dörd dəfə Hitlerə yazılı müraciət edib, döyüşlərdə iştirak etməsinə razılıq verməsini xahiş edib. Fürer onun xahişini nəzərə alıb.
Hortman müharibənin son günlərinə qədər inamla döyüşüb. Hətta kapitulyasiya aktının imzalanmasından sonra o, sonuncu dəfə 8 may 1945-ci ildə SSRİ-yə məxsus Yak-7 təyyarəsini məhv edib. Elə həmin gün də Hortman Çexoslovakiya ərazisində ABŞ-ın 90-cı piyada diviziyasının döyüşçüləri tərəfindən ələ keçirilib. Yalta razılaşmasına görə ABŞ Hortmanı SSRİ-yə təhvil verib. Belə ki, Çexoslovakiya işğaldan sovet ordusu tərəfindən azad olunduğuna görə həmin ərazidə saxlanılan alman döyüşçüləri SSRİ-yə təhvil verilib. Bu razılaşma digər ərazilərdə də tətbiq edilib.
Hortman 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, 25 illik cəzasının 10 ilini çəkib. 1955-ci ildə Almaniya (AFR) kansleri Adenauerin Moskvaya rəsmi səfərindən sonra əldə olunan razılığa əsasən Hortman da digər hərbi əsirlər kimi vətəninə qayıdıb.
Almaniyaya qayıtdıqdan sonra Hortman AFR hərbi hava qüvvələrində zabit kimi xidmət edib.
Fürerin sevimlisi, SSRİ üçün isə “qara şeytan” sayılan pilot 1993-cü ildə, 71 yaşında vəfat edib.
© Musavat.com