Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
"Azərbaycanda kişi sürücülər üstünlük təşkil edir. Ona görə də qəzaların təhlilində kişilərin törətdiyi hadisələrin çox olduğunu görürük. Amma bu demək deyil ki, qadınlar avtomobil qəzaları törətmirlər. Düşünürəm ki, qəza hadisəsini kişi və qadın anlayışına görə bölmək düzgün deyil".
Paralel.az bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, əsas məsələ yol hərəkət qaydalarına əməl etmək və qanunlar çərçivəsində hərəkət etməkdir: "Sözsüz ki, hər bir tərəfin özünün məsuliyyət dərəcəsi var. Elə məsələlər var ki, qadınlar daha məsuliyyətli olurlar, yaxud da əksinə kişilər daha diqqətlidirlər".
Nəqliyyat eksperti deyib ki, təcrübəsiz qadın sürücülərimiz çoxdur: "Bir çox qadınlar tam yol hərəkət qaydalarını öyrənmədən avtomobil idarə edirlər. Həmişə deyirəm ki, bu məsələdə kişilərin də rolu var. Kişilər həyat yoldaşına, sevgilisinə, bacısına, qızına və sair avtomobil alırlar. Amma onlar düşünmürlər ki, yol hərəkət qaydalarına nə dərəcədə riayət ediləcək. Qadın sürücülərin pozduğu qaydalar, adətən, parklanma qaydaları ilə bağlıdır. İdarə etdikləri avtomobili harada gəldi saxlayıb, gedirlər. Yolun sağ və sol zolağı anlayışını qəbul etmirlər. Azərbaycanda qadın sürücülərin sayı çox deyil. Ona görə də statistikanı vurğulamaq mümkün deyil.
Onu deyə bilərəm ki, Azərbaycanda təxmini hesablamalara görə, 80 minə yaxın qadın sürücülük vəsiqəsi alıb. Amma bu demək deyil ki, həmin qadınların hamısı sükan arxasındadır. Təxminən 10-15 qəza hadisəsindən bir-ikisi qadınların payına düşər ya düşməz. Qadın sürücülərin iştirakı ilə ağır qəzalar baş vermir. Ölüm hadisəsi ilə nəticələnən qəzalar nadir hallarda baş verə bilər. Əsasən, qadınlar maddi zərərlə nəticələnən yüngül qəzalar törədirlər. Bu da ehtiyatsızlıqdan baş verir".
Elməddin Muradlı "Fransada yol qəzalarında həyatını itirən və ya yaralananların hüquqlarını müdafiə edən "Victimes et Citoyens" (Qurbanlar və Vətəndaşlar) Dərnəyi "Qadın kimi sür" adlı kampaniya başladıb. Azərbaycanda da belə bir kampaniyaya ehtiyac varmı" sualına "Azərbaycanda nəinki "Qadın kimi sür", "Adam kimi sür" kampaniyası başlasa daha yaxşı olar. Polis, kamera və radar olmayanda yol hərəkət qaydalarına riayət etməyi bacarmırıq. Böyük əksəriyyətin çox ciddi problemi var. Qeyd etdiyim kimi kampaniya "Adam kimi sür" olsa daha yaxşı olar. Buna çox ciddi ehtiyacımız var", - deyə cavab verib.