Türkiyə kriptovalyuta bazarının tənzimlənməsinə başlayır

Türkiyə kriptovalyuta bazarının tənzimlənməsinə başlayır
 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası gələn həftə parlamentə kriptovalyutalarla əməliyyatlara nəzarət və ümumilikdə bu sahənin tənzimlənməsi ilə bağlı qanun layihəsini təqdim etməyi planlaşdırır.

Kriptovalyutalar Kapital Bazarı Şurasının nəzarəti altında yerləşdiriləcək və əməliyyatlar vergiyə cəlb olunacaq.

Layihədə qeyd olunur ki, əhatəli qanun layihəsi ölkədə bütün kriptovalyuta məkanını hesabatlı və tənzimlənən edəcək. Kriptoaktivlərin alqı-satqısına vergilərin tətbiqi ilə yanaşı, ticarət platformalarının, birjaların və brokerlərin lisenziyalaşdırılması qaydaları, müştərilərlə bu saytlar arasında münasibətlər, cərimələr, sanksiyalar və mübahisələrin həlli qaydaları hazırlanacaq.

Bütün bu məsələlərin əsas tənzimləyicisi Kapital Bazarı Şurası olacaq. O, həmçinin blokçeyn və oxşar texnologiyaların inkişafı, tətbiqi və satışı sahələrində icazələrin verilməsinə cavabdeh olacaq. Qanun layihəsində Türkiyənin Elmi və Texnoloji Araşdırmalar Şurasının bu proseslərə cəlb olunması ilə bağlı müddəaların da müəyyən ediləcəyi gözlənilir. Beləliklə, faktiki olaraq, dövlət səviyyəsində ölkədə blokçeyn üçün proqram təminatı və digər vasitələrin hazırlanmasına stimul veriləcək.

Türkiyədə kriptovalyutaların tənzimlənməsi uzun müddətdir müzakirə olunur. Hesab olunur ki, kriptovalyuta ilə işləmək üçün sırf hüquqi çərçivə yaratmaqla yanaşı, bu qanun layihəsi, Çirkli Pulların Yuyulması üzrə Maliyyə Fəaliyyəti İş Qrupundan (FATF) Ankaraya qarşı bəzi iddiaların çıxarılmasına da kömək edəcək. Gözlənilir ki, bu qanunvericilik təşəbbüsünün təsdiqi ilə FATF Türkiyəni çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə tədbirlərində çatışmazlıqlara görə daxil olduğu boz siyahıdan çıxara bilər.(musavat.com)

 

0.073875904083252