Adambaşına düşən gəlir indeksinə görə ölkəmiz çox geridir...
Azərbaycanın iqtisadi uğurları ilə çox da öyünmək olmur. Hər şeydən əvvəl ölkə iqtisadiyyatı birrənglidir. Yəni bu istiqamət tamamilə neft gəlirlərindən asılıdır. Qeyri-neft sektoru hər il yalnız geriləyir. Bu sektorun adına çıxılan çox şey də əslində neftə bağlıdır.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi ilə də öyünmək mümkün deyil. Çünki göstərici çox aşağıdır. Həm də dünyada ÜDM-yə münasibətdə daha çox adambaşına düşən gəlir indeksi ciddi müqayisə vasitəsi hesab olunur.
Dünyada adambaşına düşən gəlirə görə birinci yeri Lüksemburq tutur. Bu kateqoriya üzrə Seyşel adaları, Panama, Andorra, Trinidad və Tobaqo, Dominikan Respublikası, Sent-Kits və Nevis, Qazaxıstan, Antiqua və Barbuda bizdən çox irəlidədir. Qabon, Qrenada, Botsvanadan da geri qalırıq. Bu göstəriciyə görə, Azərbaycan 93-cü pilləni tutur.
Ümumdaxili məhsul ölkədəki istehsalın real göstəricilərini ortaya qoyan rəqəmlər toplusudur. Bura hətta xarici şirkətlərin ölkə ərazisindəki nəticələri də daxildir. Onsuz da bizim həm özəl sektorun, həm də dövlət konsernlərinin xaricdə böyük işləri yoxdur. Daha çox xarici şirkətlər burada iş görür və ümumi daxili məhsula töhfəsini verir. Amma yenə də göstəricilərin aşağı olmasını gizlətmək mümkün deyil.
Ümumi daxili məhsulun həcmi iqtisadiyyatın əsas göstəricisi sayılır. Adambaşına düşən gəlir indeksi isə real mənzərəni yaradır. Lüksemburqun lider olması, İrlandiyanın, Sinqapurun, Danimarkanın, Norveçin liderlər qrupunda yer alması təsadüfi deyil. Bu ölkələr iqtisadiyyatı gücləndirmək üçün konkret konsepsiya ortaya qoyublar.
İqtisadiyyatları sabit yol getməyə başlayıb, hər hansı xarici amillərdən asılı vəziyyətdə deyil. Azərbaycan ən yaxşı halda yerində sayır, hərdən geri addım atmağı da unutmur. Çünki xarici amillər əsas sözü deyir. Neft varsa, Azərbaycanda iqtisadiyyat da var. Neft tükənməyə başlayanda, qiymət kəskin aşağı düşəndə ağlamalı günə qalacayıq.
ÜDM ilə bağlı son hesabatda bütün dövlətlərin göstəricilərini qeydə almaq mümkün olmayıb və ya iqtisadiyyatın yoxluğu əsas götürülüb. Məsələn, Əfqanıstan, Eritreya, Livan, Şri-Lanka, Suriyada adambaşına düşən milli gəlirin miqdarı barədə nəsə demək olmur. Qalan ölkələrin arasında Cənubi Sudan ən kasıb ölkə sayılır. Burundi və Mərkəzi Afrika Respublikasında da vəziyyət acınacaqlıdır.