Rüşvətə qarşı mübarizə aparmaq çətindir - RƏY

Rüşvətə qarşı mübarizə aparmaq çətindir - RƏY
 

Tapdıq Abbas

Qarabağ müharibə veteranı, "Əməkdar Mədəniyyət işçisi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, "Azad Jurnalistər Təşkilatı" İB dönəm sədri, Qarabağ Komitəsi İdarə Heyətinin üzvü.

Hazırda SSRİ şnelindən çıxmış, sağlam kadrlar tərəfindən idarə olunan ölkə tapmaq mümkün deyil. Bu ölkələrdə vəzifədə əyləşənlərin hamısı rüşvətə meyllidir.

Ona görə ki, sovetlər rüşvətxorluqla mübarizə aparmaq adı altında, həm də rüşvətxorluğu təşviq edirdi və eyni zamanda kadrları rüşvət almağa təhrik edirdi. Qeyd edim ki, rüşvətə qarşı mübarizədə qalib gələn dövlətə tarixdə belə, rast gəlinmir.

SSRİ idarəetmə sistemini qoruyub saxlayan, bəlkə də, bu sahədə öndə gedən ölkələrdən biri Azərbaycandır. Bu ölkədə rüşvətə asan qazanc kimi baxan kadrların sırası çox genişdir. Durumun belə ağır olması, əsasən, bilsvasitə sovet dönəmilə bağlıdir. Şər İmperiyasının başında oturanlar, zaman-zaman, xüsusən respublikaları nəzarətdə saxlamağa çalışanlar sözdə təmizlikdən, saf əxlaqdan, kommunizm tərbiyəsindən dəm vursalar da, əməldə tam əksini edirdilər.

Baxın, keçmiş sovet kadrlarını indiki cavan, xaricdə təhsil aımış, bir neçə xarici dil bilən yüksək vəzifələrə irəli çəkilən yeni kadrlarla müqaisə edin, görün, rüşvətxorluq dərəcəsinə görə, hansı dövrün kadrları daha təmizdir? Müqaisə nəticəsində əldə etdiyiniz yekunun eyniliyi sizi qəti qəzəbləndirməsin.

Düzdür, rüşvətxor məmurların dövlətə və xalqa bəslədiyi pis münasibət, onların həyasızlıqla yığdığı rüşvət adamı dəhşətə gətirir. Amma və lakin... hazırda hiss olunur ki, hamı tədricən bu cür mənfi hala adaptasiya olunur və hər şey adiləşir. Bəzi hallarda mübarizə apardığımız rüşvətxorluq, qənimətçilik hissi bizim özümüzə sirayət edir, xəstələndirir...

Hazırkı çətin durumu xarakterzə edəndə, orta məktəbdə tarix fənnindən oxuduğum "İqor polku haqqında dastan"dan bir cümlə yadıma düşür.  O cümləni tez-tez xatırlayıram. Səhv etmirəmsə, həmin cümlə belədir: "Sürüyə dadanan, dişi qana batmış canavarı öldürməsən, sürünün axırına çıxar"! Bax, rüşvətxor kadr da "dişi qana batmış canavar" kimidir...

İndiki cavan kadrların rüşvətə meyl etməsinin əsas səbəbi gənc, cavan kadrlar olsalar da, gözlərini açanda SSRİ idarəetməsinin saxta, rüşvətxor prinsipinə yiyələnmiş, vəzifəsindən sui-istifadə edən, mənimsəmə və rüşvətxorluq hallarından bəhrələnən doğma babalarında, atalarında görüb, götürmüş insanlar olduğunu dərk etmək lazımdır. Buna görə də, hazırda gənc kadrların qanına, canına, hətta geninə işləyən rüşvətxorluğa qarşı mübarizə aparmaq və qalib gəlmək çox çətindir...

Heç zaman rüşvətə, rüşvətxorlara haqq qazandırmamışam və qazandırmıram! Əgər ölkədə tuğyan edən rüşvətxorluğun əsas mənbəyi, qaynağı barədə fikrimi sizlərə doğru çatdıra bilmədimsə, o zaman keçmiş sovet ittifaqından çıxmış müstəqil ölkələrdə cərəyan edən rüşvətxorluğun anatomiyasını bir də nəzərdən keçirin...

0.010653972625732