Azərbaycan cəmiyyətində milli ideya ətrafında müzakirələrə başlanılıb 

Azərbaycan cəmiyyətində milli ideya ətrafında müzakirələrə başlanılıb 
 

İqtisadi Təhlil İnstitunun rəhbəri Məmməd Talıblı 

Azərbaycan cəmiyyətində milli ideya ətrafında müzakirələr başlanılıb. Əvvəla qeyd edim ki, cəmiyyətimizi səfərbər edəcək hansısa milli ideya ətrafında axtarışın olması müsbət haldır. Çünki heç bir millət milli ideyasız yaşaya bilməz. Milli ideyamız olmalıdır, ya yox? Milli ideologiyamız hazırlanmalıdır, yoxsa yox?

Milli ideya və ideologiya fərqli anlayışlardır. Lakonik olaraq hər iki anlayışı ifadə etsək, konkret olaraq belə anlamaq olar. Milli ideya hər kəsi öz arxasınca apara bilən və özününküləşdirdiyi bir ideyadır. İdeologiya hər şeyin daha yaxşı ola biləcəyi inancı ilə başlayan, cəmiyyəti inkişaf etdirmək üçün bir plandır.

İqtisadçı Entoni Daunsusun 1957-ci ildə yazırdı ki, ideologiya - “yaxşı cəmiyyətin və onun qurulmasının əsas yolunu verbal təsəvvürüdür”. Siyasi ideologiyalar siyasətin elmi deyil, onun siyasi sistemləri başa düşməsi üçün sakit, rasional cəhətlər deyil.
Harvard Universitetinin sosioloqu Daniel Bell (1919-2011) 1960-cı ildə iddia edirdi ki, əsr boyu sürən ideoloji debatlar sona yaxınlaşır.

Tiran kommunizmi uğursuzluğa düçar olması və rifah dövlətinin yüksəlişi Belli “ideologiyalarının sonu”nu hazırlayırdı, mübahisə etməyə bir şey qalmamışdı. Bell deyirdi ki, bundan sonra siyasi debatlar ümumrifah dövlətinin necə idarə olunması, milli tibbi sığortaya nəyin daxil edilib, edilməməsi kimi daha çox texniki suallara diqqət yetirəcək.

1989-cu ildə siyasət alimi Frensis Fukuyama daha da irəli gedərək deyirdi ki, kapitalist demokratiyasının qələbəsi ilə yalnız böyük ideoloji debatlar deyil, tarix özü başa çata bilər. Fukuyama zamanın duracağını deyil, Hegelin öncədən gördüyü insanlığın son nöqtəsinin - azad insanların azad cəmiyyətdlərdə yaşamasının üfüqdə görünməyə başladığını nəzərdə tuturdu.

Fukuyama deyirdi ki, biz yalnız kommunizmə qalib gəlməmişik, artıq bizimlə rəqabət aparacaq ideologiya qalmayıb. İdeologiyaların sonu ilə böyük ideyaların mübarizəsi mənasında tarixin sonu gələcəkdir (“həyat darıxdırıcı olacaq”, - deyə Fukuyama qeyzlə köks ötürürdü).

İdeoloji diskursda əsas yolayrıcında bu suallar durur: dövlət ideologiyasından söhbət gedirsə, o zaman dövlətin aidiyyatı qurumları, beyin mərkəzləri, tədqiqat insitutları və s. bu məsələlərin postulatların yaradırlar. Mövzuya siyasi ellita çərçivəsində elan edirlər, mövzu qapanır.

Yox, əgər milli ideologiyadan söhbət gedirsə, heç şübhəsiz ki, bu zaman cəmiyyətin mütərəqqi təbəqələrinin düşündürücü rəy və mülahizələri arasında uzlaşma nöqtələrinin müəyyənləşməsi istiqamətində müzakirə getməlidir. Çünki bu artıq dar mənada yox, geniş diapazonda müzakirə tələb edir.

Qarabağ zəfəri mövzusunun istismarı üzərində milli ideologiyanın yaradılması doğru deyil. Milli ideologiya bir millətin gələcəyə proyeksialandığı fundamental baxışlar sistemi kimi başa düşmək lazımdır. Bu hətta elmi-akademik sferanın belə həll edə bildiyi bir məsələ deyil. Bu bir prosesdir. Bu mövzununun üzərində bəlkə də daha çox vətəndaş cəmiyyəti sektoru işləməlidir.
Onun populyarlaşdırmasına nail olmalıdır. Mən bu baxımdan siyasətə elmi, intelektual katkı hesabına daha cazibədar bir peşəyə çevirməyin vacibliyini qəbul edənlərdənam.

Bu Qarabağ savaşını qazanmış cəmiyyətin ruhunu diri saxlamaq və o ruhun hərtərəfli gücünü təmin etmək üçün baxışlar sistemi kimi dərk olunmalıdır.

Vaxtı ilə İtalyanın qələbə yoluna işıq salan tarixi şəxsiyyətlərdən olan bir fikir insanı müdrikcəsinə yazırdı ki, biz İtalyanı yaratdıq, indi italyanları yaratmalıyıq. Mən bu fikri tərcümə edib çağdaş Azərbaycanımız üçün belə deyərdim: Torpaq itirmiş Azərbaycanı yaratdıq, indi isə azərbaycanlıları yaratmalıyıq.

O azərbaycanlıları ki, “az aşım, ağrımaz başım” ovqatı ilə “üstünlük kompleksi” ilə yaşamağı yox, millətlərinin imzasını millətlərin imzası içərisində yazdırmaq istəyi ilə tarix yazmağı əsas götürürlər.

Azərbaycan haqqında düşüncələri arzulardan daha çox, real gözləntiləri özündə ehtiva edən ideoloji istiqamətlər formalaşdıra bilməlidir. Böyük gözləntilər, mühüm ambisiyalar bir toplumu hər zaman nəhəng etmir. İşlərin miqyası və realistik gözləntilər cəmiyyəti güclü və dayanıqlı edir. Dayanıqlıq olmayan cəmiyyətin gücü də ötəri olur, qalıcı olmur.

O zaman suallar yaranır...
Biz dünyaya nəyimizlə çıxmalıyıq? Neftimizləmi?
O bitir və ya yaxın illərdə bitəcək.
Keçmişimizləmi? Keçmişi gələcəyə apara bilmərik.

Demək, gələcəkdə inşa edə biləcəyimiz uğur hekayəsi ilə.
O uğur modelimiz nədir, nə ola bilər sualına növbəti yazıda cavab axtarmağa çalışacağıq.

(ardı var)

0.011920928955078