RÜŞVƏT, YOXSA DÖVLƏTƏ XƏYANƏT? - Şoyqunun həbs edilən müavini barədə ilginc iddia
Xəbər verildiyi kimi, Rusiya Müdafiə nazirinin müavini, general Timur İvanov rüşvət almaqda ittiham olunaraq, məhkəmənin qərarı ilə saxlanılıb. İvanov 2016-cı ilin mayında Rusiya prezidentinin fərmanı ilə müdafiə nazirinin müavini təyin edilib. Bundan əvvəl o, 2013-2016-cı illərdə Müdafiə Nazirliyinin tabeliyində olan “Oboronstroy”un baş direktoru olub. Şirkət hərbçilər üçün yaşayış binalarının, eləcə də sosial əhəmiyyətli və strateji hərbi obyektlərin tikintisi üzrə ixtisaslaşıb.
Rusiya KİV-lərində generalın əslində, rüşvət deyil, dövlətə xəyanət səbəbilə tutulduğuna dair məlumatlar dərc edilməyə başlayıb.
Xəbərdə deyilir ki, rüşvət ittihamı ictimaiyyət üçündür. Əslində isə ona qarşı dövlətə xəyanətlə bağlı ciddi şübhələr var: ”Hələlik onlar dövlətə xəyanət barədə açıq danışmaq istəmirlər - bu, böyük qalmaqaldır: hər şeydən əvvəl söhbət müdafiə nazirinin müavinindən gedir”.
Rusiya KİV-ləri yazır ki, korrupsiya Sergey Şoyqunun nazirliyi üçün adi haldır və İvanovun da rüşvət alması çoxdan məlum idi. Ona görə də həbsin əsl səbəbi qəiyyən rüşvətlə bağlı deyil. Qeyd olunur ki, hazırda İvanovun rəsmən rüşvət maddəsilə ittihamının saxlanması, yoxsa işin dövlətə xəyanət maddəsinə keçirilməsilə bağlı qərar verilir. İşin ciddiliyi həm də onunla müəyyən edilir ki, İvanovu bu həbsdən hətta Şoyqunun himayədarlığı da cxilas edə bilməyib. Ona görə də ehtimal olunur ki, general rüşvət maddəsi ilə ittiham olunsa da, sonradan həbsxanada iş dövlətə xəyanət maddəsilə aparılacaq.
KİV-in məlumatına görə, Hərbi Əks-Kəşfiyyat İdarəsi uzun illərdir ki, İvanovla bağlı kompromat materialları toplayır. Qeyd olunur ki, İvanovun həbsilə paralel olaraq, onun keçmiş həyat yoldaşı da yoxa çıxıb. KİV-lər generalın keçmiş arvadının da həbs edildiyini güman edirlər.
Dövlətə xəyanət (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi) işi Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən araşdırılır. Dövlətə xəyanət və casusluq işləri “məxfi” və “tam məxfi” kimi təsnif edilir. Ötən ilin aprelində Rusiya Federasiyasının prezidenti dövlətə xəyanətə görə ömürlük həbs haqqında qanun imzalayıb. Bundan əvvəl həmin maddə üzrə cəza 12 ildən 20 ilə qədər həbsi nəzərdə tuturdu.