Çoxları sülhməramlıların çıxarılmasını etiraf etməyə gücü çatmadı - Fəzail İbrahimli
"Azərbaycanın qazandığı zəfərin qlobal səviyyədə psixoloji və geosiyasi təsirlərinin coğrafi miqyası Türk dünyası və İslam dünyasının sərhədlərinədək böyükdür. Dünyanın hərbi-siyasi gərginliyi, xüsusən də Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq münaqişəsi, İsrail-İran qarşıdurması, Çin-Tayvan arasındakı gərginlik fonunda Azərbaycanın liderliyi altında Cənubi Qafqazda danışıqlar yolu ilə əldə edilən razılaşmalar dünya üçün həm də gücün barışla ifadə olunma nümunəsidir. Bu sırada bir çoxlarının etiraf etməyə gücü çatmadığı ən mühüm hadisələrdən biri də Rusiya hərbi kontingentinin Qarabağdan çıxmasıdır. Bu, Azərbaycan Prezidentinin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” tezisinin növbəti təsdiqi ilə yanaşı, suverenlik və milli maraqlar məsələsində rəsmi Bakının iradəsinin dəyişməz olduğunu göstərdi".
Bunu mətbuata açıqlamasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib.
Vitse-spiker bildirib ki, Azərbaycanın Qarabağda qazandığı zəfərdən sonra başlanan yeni dövr daha geniş coğrafiyada, o cümlədən Cənubi Qafqazda və ümumilikdə regionu əhatə edən ölkələrdə qüvvələr balansına təsir etməklə yeni geosiyasi vəziyyət yaradıb: "Azərbaycanın siyasi liderinin ardıcıl, məqsədyönlü və düzgün siyasətinin nəticəsində bir güllə belə atılmadan Ermənistanın işğal altında saxladığı kəndlərimizin geri qaytarılması Cənubi Qafqazda Azərbaycanın liderlik mövqeyini və bu bölgədə əsas söz sahibi olduğunu bir daha sübut etmiş oldu".
Prezidentin son Rusiya səfəri ilə bağlı mövqeyini açıqlayan vitse-spiker bildirib ki, Azərbaycan liderinin Moskva səfərinin tariximizdə “dərin iz” buraxmış 28 aprel tarixinin ildönümünə təsadüf etməsinin alt qatında həm də dəyişmiş siyasi reallığın tarixi-fəlsəfi mesajı var: "Azərbaycan artıq beynəlxalq arenadakı hərbi-siyasi gücündən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu münasibət saxlayır. Yeri gəldikcə, Fransa, Hindistan və milli maraqlarımıza qarşı çıxan dövlətlərin diplomatik cavabı verildiyi kimi, heç bir kənar təsiri gözə almadan Rusiya ilə də iqtisadi və siyasi münasibətlərə özümüz qərar veririk. Moskva son 200 il ərzində ona əlaltılıq etmiş və məhz bunun sayəsində özünə dövlət qurmaq qədərində qabağa getmiş Ermənistanın artıq çoxdan ona xəyanət etdiyini və Rusiya-Ermənistan münasibətlərinin əvvəlki məcraya dönə bilməcəyinə əmindir. Ermənistanın Paşinyan havadarları olan Qərbin hiyləsi ilə mövqe dəyişikliyinə rəğmən Azərbaycan birmənalı şəkildə müstəqil xarici siyasət yürütməkdə israrlı davranır. ABŞ və Qərbin təzyiqlərinə müqavimət göstərməyi bacarır. Ən əsası, milli maraqları hər şeydən üstün tutan rəsmi Bakı birmənalı şəkildə ikitərəfli və bərabərhüquqlu münasibətlərə üstünlük verir. Yəni, rəsmi Bakı qarşılıqlı münasibətlərdə etibarlı və əhəmiyyətli tərəfdaş olduğunu dəfələrlə sübuta yetirib. Məhz bu amil digər bütün beynəlxalq siyasi güclərdə, o cümlədən Kremldə Azərbaycanın etibarlı tərəfdaş obrazını formalaşdırıb. Moskva görüşləri bunu bütün tərəfləri ilə bir daha ortaya qoydu: Azərbaycan Rusiya ilə Ermənistanın forposta çevrildiyi münasibətlərlə deyil, bərabər səviyyəli əsaslarla tərəfdaşlıq edir. Paşinyan hakimiyyətinin Fransa da daxil olmaqla, Qərbin hərbi yardımlarına güvənərək sülh prosesindən müəyyən qədər uzaqlaşaraq, mümkün qədər zaman qazanmağa çalışması da inkaredilməz reallıqdır”, - Fəzail İbrahimli bildirib.
O deyib ki, Cənubi Qafqazda hərbi-siyasi gərginliyin nəzarətdən çıxma təhlükəsinə görə məhz ABŞ-Avropa İttifaqı məsuliyyət daşıyır: "Bu baxımdan, Azərbaycan və Rusiya da regionda kənar güclərin separatçı planları ilə barışmaq niyyətində deyil. Həm Kreml, həm də Bakı ortaq problemə münasibətdə birlikdə hərəkət etməkdə maraqlıdır və bu baxımdan, Prezident İlham Əliyevin Rusiya paytaxtı Moskvaya son səfəri böyük əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqazda reallaşa biləcək istənilən ssenariyə məhz rəsmi Bakının razılığı olmalıdır. Dünyanın böyük güc mərkəzlərinin paytaxtlarında Vaşinqtonda, Brüsseldə, Londonda, Parisdə, Tehranda olduğu kimi bu həqiqət Moskvada da bir daha təsdiq olundu. Bir sözlə, Azərbaycan tarixi günlərini yaşayır. Bu tarix son 200 ilin ən qürurverici və möhtəşəm hadisələri ilə zəngin olan Azərbaycanın Zəfər tarixidir. Bu tarixin yazılmasının altındakı imza Azərbaycan Prezidenti İlham Əliyevin imzasıdır".