Vətən torpağını qorumaq imandandır! -Tapdıq Abbas yazır

Vətən torpağını qorumaq imandandır! -Tapdıq Abbas yazır
 

Tapdıq Abbas
Qarabağ müharibə veteranı, "Əməkdar Mədəniyyət işçisi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, "Azad Jurnalistər Təşkilatı" İB dönəm sədri, Qarabağ Komitəsi İdarə Heyətinin üzvü.

Vətən - əcdadımızın mədfənidir!
Vətən - övladımızın məskənidir!
                                   Abbas Səhət

Yazımı Azərbaycanın məşhur şairi, həkimi, jurnalisti, müəllimi, tərcüməçisi, dramaturqu, yazıçısı, ədəbi tənqidçisi, alovlu maarifpərvər ədibi Abbas Səhhətin (Mehdizadə) "Vətən" şeirindən bir parça ilə başlamağım heç təsadüfi deyil. Təbii ki, VƏTƏNİN hər bir insan üçün müqəddəs olduğunu bir daha xatırlatmaqdır.

Əvvəla, bu yazımda Vətən haqqında söhbətə ona görə başladım ki, bir çoxları Vətənin müqəddəsliyindən həqiqi mənada yox, vasitə kimi istifadə edir, hakimiyyəti ələ almaq, əldə saxlamaq, daha çox sərvət, mülk toplamaq və digər şəxsi məqsəd üçün faydalanırlar. Bu, yolverilməzdir!

Vətənin müqəddəsliyindən yaramazcasına istifadə edənlər hələ dərk etmirlər ki, Vətən sevgisi gözlə görünən və görünməyən 18 min aləmi Yaradan ALLAH sevgisindən qaynaqlanır. XVII əsrin sonu XIX əsrin əvvəllərində yaşamış, Vətən üçün çalışmış və çox cavan, yaradıcılığının parlaq dövründə dünyasını dəyişən Abbas Səhhət (Mehdizadə) "VƏTƏN" şeirində insanlara xitabən yazır ki:

Vətənin sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz!

Gəlin, dünyanın fani mahiyyətinə uyğun olaraq, Azərbaycanda dövlət idarəetmə sisteminə cəlb olunmuş bəzi səlahiyyət sahiblərinin Dövlətə və Xalqa qarşı insanlığa zidd münasibət bəsləməsinə təkrar nəzər salaq. Müşahidələr onu göstərir ki, dövlət idarəçiliyinə cəlb olunmuş məmurların bəziləri RÜŞVƏT, KORRUPSİYA, NARKOMANİYA, FAHİŞƏLİK, OĞURLUQ, DƏLƏDUZLUQ və ölkədə mövcud olan başqa mənfi hallara qarşı üzdə guya, mübarizə aparırlar, əslində isə, bu hallara özlərinin şəxsi qazanc mənbəyi kimi baxırlar, inkişaf etdirirlər və qoruyurlar...

Ölkə Prezidenti, dövlət hüquq-mühafizə orqanlarının belə məmurlara qarşı gördüyü tədbirlərin nəticələri də göstərir ki, bu məmurlar normal insan əxlaqından kənardırlar! Bu tip kadrların yenidən tərbiyə olunub, düz yola qayıtması mümkün deyil. Bu, həm də onu göstərdi ki, ölkədə vicdanlı, əli təmiz kadrlar çatışmır. Vicdanlı, vətənpərvər kadr çatışmazlığının əsas səbəkarı isə, sözsüz ki, Azərbaycanda 70 il hökmranlıq edən SSRİ rus imperiyasıdır. Bu imperiyanın Azərbaycanın başına açdığı oyunlardan çox yazıldığına görə, təkrar etmirəm.

Amma bir vacib şeyi qeyd edim ki, Rusya imperiyası 2 əsr ərzində Azərbaycan türkünü sayı bilinməz soyqırımlara məruz qoyaraq, RUSLAŞDIRMAĞA nail olub! Hazırda Azərbaycan müstəqilliyinin 33-cü ilini yaşayır, lakin Rusiya SSRİ dövründə yetişdirdiyi nəsl vasitəsilə (5-ci kalon) Azərbaycanı idarə edir, hələ də əl çəkmir!

Keşmiş SSRİ-də anti-Azərbaycan, anti-türk hərakatlarına, geri qaydıb nəzər salanda, bu günə şükr etməli oluruq! Vaxtı ilə Azərbaycan torpağında Ermənistan yaradan Rusiya indi dünyada təklənib, ümidi düşmənçilik etdiyi Azərbaycana və Türkiyəyə qalıb, Azərbaycana yeritdiyi qoşunu çıxarmağa məcbur olub! Allah dahilərimizə rəhmət eləsin, onların zamanında dedikləri kimi, xristian aləmi qudurub, başı özlərinə qarışıb, Rusiya Ukraynaya hərbi təcavüz edir, ABŞ Avropa ilə Ukraynaya hərbi-iqtisadi yardım edir, Avropa Qəzzadakı qırğınlara görə İsrailə xəbərdarlıq edir, ABŞ Rusiya, Çin və Şimali Koreya ilə burun-buruna gəliblər!

Dahilərimiz arzuladığı kimi, artıq dünyanın yeni arxitekturası formalaşır, Türkün xeyirinə dəyişir! Heç olmasa, yeni yaranmış durumdan faydalanıb, özümüzə qayıtmağın, Vətənpərvər, Türk olaraq vicdanlı, deyəsən, halal yaşamağın fani dünyada məqamı yetişir!...

Tanrı buyurub ki: Vətən torpağını qorumaq imandandır!

 

0.014135837554932