Qarabağ qazisinin PA və ƏƏSMN qarşısında piketini BŞİH məqsədəuyğun saymır

Qarabağ qazisinin PA və ƏƏSMN qarşısında piketini BŞİH məqsədəuyğun saymır
 

ƏƏSMN, tabeliyindəki DSMF, SXA isə qazi ailəsinə ayrı-seçkiliyi məqsəd edib

ƏƏSMN və tabeliyindəki DSMF-in, Sosial Xidmətlər Agentliyinin 1-ci dərəcəli Qarabağ əlilinə qarşı qərəzli ayrı-seçkiliyinin rüşvətdən, korrupsiyadan qaynaqlanması , tənqidə görə edilməsi şübhə doğurmur. Yoxsa, 2022-ci ildə Qarabağ əlillərinə verilən qanpulundan  məhrum edilməsini rüşvətdən özgə nə ilə izah etmək olar? Bəs 11 ildir Nərimanov RİHB-in 26.07.2013 tarixli, 358 saylı sərəncamı ilə mənzil növbəsində dayanan  2 əlil elmi işçisi, 3 körpəsi olan 10 nəfərlik ailəsinin Prezidentin 20.06.2014 tarixli, 569 saylı sərəncamına əsasən ən geci 2018-ci ilə kimi mənzillə təmin olunması hüququndan imtina? Hələ üstəlik, Bakı İnzibati Məhkəməsinin (İM) 20.06.2016 tarixli, 2-1(81)-1095/16 saylı mənzillə növbədənkənar təmin olunmaq öhdəliyinin borclu Sosial Xidmətlər Agentliyinin (SXA) üzərinə qoyulması və 8 ildir öhdəliyin qərəzlə icra edilməməsi rüşvətdən, korrupsiyadan qaynaqlanmır? Elə qaynaqlanır ki, hətta Bakı İM rüşvət qarşılığında nəinki İPM-in 116-120 maddələrinə əsasən icranı təmin edir, heç 8 ildə icra sənədi də vermir, tələbkarın ərizəsinə də baxmır, hətta e-məhkəmə sistemindən verilən ərizənin də qəbulundan imtina edir. Korrupsiya, rüşvət özbaşınalığı  o həddədir ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin özünü Rəşad Məmmədov kimi təqdim edən əməkdaşı 09.09.2021-ci ildə tələbkar Qarabağ əlilinin izahatını alıb, lakin 3 ildir qərarını da vermir, özünü də ələ vermir. Baş prokurorluq “daş atıb, başını tutur” ki, bu adda əməkdaşı yoxdur. Maraqlıdır, bəs idarənin özü də yoxdur, axı izahat idarədə alınıb! Onu da vurğulayaq ki, 2019-cu ilin oktyabrında Qarabağ əlili MM-in sədr müavini Valeh Ələsgərovun qəbulunda olanda , deputatın nazir Sahil Babayevə telefon danışığının sonucu olaraq elə həmin gün DSMF-dən çağırılıb və ərizəsi alınıb ki, Nizami rayonu, Çobanzadə küçəsində tikilən evdən ailə tərkibinə uyğun mənzillə təmin olunacaq. Həmin ilin 24 dekabrında evin gizlin bölgüsündə, daha düzü, rüşvətlə satışında isə Qarabağ əlili yada düşməyib. .

Nə isə, “köhnə palan içi sökməkdən” qəttəzə “söküntü”yə keçək. DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ( XŞTMF) direktoru Şahin Əliyev, müavini Elnur Qurbanov 22.02.2023-cü ildə qazinin pensiyasının 1112,44 manat, 1 il sonra 21.02.2024-cü ildə 1082,72 manat olduğunu bildirib. Axı 11,3 faiz  indeksləşdirmədən sonra pensiya 155 manat artmaq əvəzinə, 30 manat azalıb!(?)  Heç demə, bu tərsinə indeksasiyada da “suçlu” Qarabağ qazisinin xeyrinə çıxarılan 7 il qabaqkı 05.07.2017 tarixli Bakı İM-in qərarı ilə ayrılan 110 manatlıq əlavənin 2023-cü ilin aprelindən özbaşına kəsilməsi imiş. Düz 1 ildir  PA,  NK, MM, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi,  baş prokurorluq, Ombudsman, Maliyyə Nazirliyi, Hesablama Palatası ... ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun Konstitusiya olduğunu ƏƏSMN yetkililərinə, Bakı İnzibati Məhkəməsinə anlada bilmir. Əksinə, şikayətlər qanuna zidd olaraq barəsində şikayət edilən qurumun, şəxsin özünə göndərilir və oradan da Konstitusiyanın qüvvədə olmadığı, məmur özbaşınalığının ən yüksəkdə olduğu bildirilir. Özbaşınalığa baxın, DSMF, XŞTMF açıq mətnlə yazır ki, fərq etmir, qanunla ayrılsın, yaxud məhkəmə qərarı ilə, qanun maddəsi  ləğv olunduğundan məhkəmə qərarı da ləğv olunub, ona görə ödəniş dayandırılıb.(?) Biz hələ NK qərarının, Prezident Fərmanının, Qanunun digər maddələrinin tətbiqindən imtinanı demirik. Bunları kim ləğv edib? Qərəzli ayrı-seçkilik, cəzasızlıq o həddə çatıb ki, 1-ci dərəcəli əlilin həyat yoldaşının da pensiyası kəsilib, pensiyaya çıxandakı 6 aylıq artım fərqi, yanvar ayının 53 manatlıq  artmı hələ də verilmir.

Bu yekəlikdə özbaşınalıqdan çıxış yolu kimi, PA-ya üz tutan Qarabağ əlilinin konstitusion qəbul hüququna da  “təhlükəsizlik” adlna qadağa qoyulduğundan ( 39-cu otaqda xidmət edən Səmayə Əliyeva Qarabağ qazisindən Prezidentin Təhlükəsizlik Xidmətinin anonim əməkdaşının, polisin zorakılığı ilə qorunur), prokurorluğun son  1 ildə 161, 961 qaynar xətlərinə  100-ə yaxın şikayətinə bir dəfə də olsun izahatının alınmamasından  piket keçirmək barədə BŞİH-ə müraciət edən qazinin sərbəst toplaşmaq hüququ da məqsədəuyğun sayılmayıb. BŞİH-in ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Emin İmanov 19.04.2024 tarixli məktubla bildirib ki,  etirazınıza səbəb olan məsələlərlə bağlı aidiyyatı üzrə müraciət edə bilərsiniz. “ Sərbəst toplaşmaq haqqında” Qanunun 7-ci maddəsinin I hissəsini nəzərə alaraq, 26 aprel 2024-cü ildə saat 12-də Azərbaycan Respublikası Prezident Administrasiyasının, saat 14-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binalarının qarşısında planlaşdırdığınız piketlərin keçirilməsini məqsədəuyğun hesab etmirik.”

BŞİH özü də Konstitusiyaya qadağa qoyursa, vay bizim günümüzə! Yazıq Konstitusiya, hüquq və azadlıqdan özgə hər şeyə yarayır!

Məğrur Bədəlsoy

0.020813941955566