Donald Gerye: “Azərbaycana qayıdıb oynamaq istəyirəm”
Azərbaycanın “Qarabağ”, “Zirə” və “Neftçi” klublarında oynamış Donald Gerye hazırda klubsuz qalıb.
35 yaşlı yarımmüdafiəçi qol.az saytına açıqlama verib.
İki ay əvvəl Litvanın “Panevejis” klubundan ayrıldığını bildirən futbolçu Azərbaycana qayıtmaq istədiyini deyib.
D.Gerye qeyd edib ki, bəzi klublardan təkliflər alsa da, onlardan heç biri ilə razılaşmayıb:
“İki ay əvvəl “Panevejis”lə müqaviləm başa çatdı. Hazırda Polşada evimdəyəm. Bəzi klublarla danışıqlarım olub. Ancaq bu təkliflər mənim üçün uyğun deyildi. Ona görə də razılaşmadım”.
Haitili futbolçu ona Azərbaycan klublarından təkliflər gəlmədiyini deyib:
“Azərbaycandan təklif almamışam. Amma Azərbaycanda oynamaq istəyərəm. Çünki ora mənim evimdir. Karyeramın ən yaxşı dövrünü Azərbaycanda, xüsusilə də “Qarabağ”da keçirmişəm. “Qarabağ”, “Neftçi” və ya “Zirə”, fərqi yoxdur. Hər birində oynamaq istəyərəm”.
O, hələ karyerasını başa vurmaq istəmədiyini bildirib:
“Hazırda Polşada öz biznesimlə məşğulam. İşlərim çox əla gedir. Ancaq karyeramı başa vurmağı düşünmürəm. Hələ oynamaq istəyirəm”.
Qeyd edək ki, Gerye 2017-2019-cu və 2020-2021-ci illərdə “Qarabağ”da, 2019-2020-ci illərdə “Neftçi”də, 2023-cü ildə isə “Zirə”də oynayıb.