Deputat: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması tarixi hadisədir
Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Deputat deyib ki, baş verənlər bir daha göstərir ki, dövlətimizin başçısı özünün düşünülmüş addımları ilə milli maraqları, xalqının və dövlətin mənafelərini nə qədər qətiyyətlə, eyni zamanda zərgər dəqiqliyi ilə peşəkar səviyyədə qoruyur: “Rusiya Federasiyası sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 3, 4 və 6-cı maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmişdi. Bəyanatın 4-cü maddəsində qeyd olunurdu ki, “Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”. Etiraf etməliyik ki, istər daxildə, istər xaricdən çoxsaylı psevdo mütəxəssislər cəfəng “proqnozlar” tirajlayaraq sülhməramlıların yerləşdirilməsini Rusiyanın Azərbaycan ərazisində əbədi militar mövcudiyyəti kimi təqdim edir, israrla Bakının hərbi kontingenti çıxarmaq iqtidarında olmayacağını vurğulayırdılar. Lakin sülhməramlı kontingentin Azərbaycan ərazisindən hətta 10 noyabr Bəyanatında nəzərdə tutulan vaxtdan əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərarın qəbul edilməsi ilə Prezident İlham Əliyev bir daha sübut etdi ki, bu ölkə üçün nəyi, necə, nə vaxt etmək lazımdır, yalnız O, özü bilir.
Beləliklə, dövlətimizin başçısının ortaya qoyduğu bu reallıq həm də proqnozları ilə Azərbaycan daxilində və Azərbaycan-Rusiya münasibətlərində gərginliyə yol açmaq istəyənlərin nə qədər qərəzli, siyasi cəhətdən nə qədər küt, savad və dünyagörüşlərinin isə necə kasad olduğunu bir daha sübut etdi”.
Bəhruz Məhərrəmov qeyd edib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması, mühüm tarixi hadisədir, lakin bu reallığın özü qədər əhəmiyyətli olan digər amil prosesin Azərbaycan-Rusiya münasibətlərini zədələmədən baş verməsidir: “Məlumdur ki, Rusiya və Azərbaycanı çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri, tarixi ənənələr, dərin mədəni və humanitar əlaqələr bağlayır. AXC-Müsavat hakimiyyəti illərində bu münasibətlərin zədələnməsinin Azərbaycan üçün hansı fəsadlara yol açdığını yaxşı xatırlayırıq. Habelə bir sıra keçmiş İttifaq dövlətlərinin Rusiyaya yönəlik yanlış davranışlarının hazırda həmin ölkə xalqları üçün hansı faciələrə gətirib çıxardığına şahidlik etməkdəyik. Bu mənada, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 22 fevral 2022-ci il tarixli Bəyannaməyə müvafiq olaraq ikitərəfli münasibətlərin maraqlarımıza uyğun, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə töhfə verən keyfiyyətcə yeni səviyyəsinə xələl gətirmək mənafelərimizə cavab vermir. Digər tərəfdən, etiraf etməliyik ki, Rusiya özlüyündə dünyanın ayrı bir qütbüdür və indiki həssas dönəmdə Moskva ilə bərabərhüquqlu münasibətləri təmin etmək sadə məsələ deyil. Lakin ötən dövrdə Azərbaycan nəinki bunu bacardı, üstəlik Prezident İlham Əliyev sülhməramlıların Qarabağ iqtisadi rayonunda mövcudluğunu Bakı ilə Moskva arasında əlavə intensiv təmas imkanı kimi fürsətə çevirdi. Təsadüfi deyil ki, ayrı-ayrı mərhələlərdə sülhməramlıların Qarabağdakı fəaliyyətinin narahatlıq doğurmasına, eyni zamanda prosesləri Azərbaycanın əleyhinə çevirmək istəyən çoxsaylı qüvvələrin cəhdlərinə baxmayaraq Azərbaycan Prezidenti Vətən müharibəsindən sonrakı dövrdə, cəza tədbirləri, habelə 2023-cü ilin antiterror əməliyyatlarını məhz Rusiya hərbi kontingentinin mövcudluğu şəraitində zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş şəkildə reallaşdıra bilmişdi. Bütün bunlar isə bir daha göstərdi ki, Prezident İlham Əliyev zəfərləri ilə regionda yeni reallıq yaratmış böyük hərbi-siyasi strateq olmaqla yanaşı, həm də diplomatiyanı incəliklərinə qədər bilən, yumşaq gücü geosiyasi qüdrətə çevirməyi bacaran nəhəng dövlət xadimidir”.