Yüksək vəzifəyə təyin edilən Fərhad Adıgözəlov kimdir? - Dosye
Xəbər verdiyimiz kimi, Fərhad Əsgər oğlu Adıgözəlov Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
“Qafqazinfo”nun məlumatına görə, Fərhad Adıgözəlov bu təyinatadək Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsini icra edib.
1977-ci il təvəllüdlü F.Adıgözəlov 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit istiqaməti üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb və 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsi əldə edib.
Əmək fəaliyyətinə 2000-ci ildə Dövlət Sığorta Şirkətində başlayıb, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə “Kapital Bank” ASC-də departament direktoru, 2013-2014-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
2020-ci ilin sentyabr ayından “Azərsığorta”ya sədr təyin edilənədək Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.