Tender keçirilmədən Füzulidə 4 kəndin layihəsinə 6 milyon manat pul ayrıldı

Tender keçirilmədən Füzulidə 4 kəndin layihəsinə 6 milyon manat pul ayrıldı
 

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Füzuli rayonunun işğaldan azad olunan 4 kəndinin layihələndirilməsi ilə əlaqədar olaraq 4 şirkətlə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, satınalma müqaviləsi “İrontree” MMC, ”Kooplayihə-AHB” firması, “Era Desıgn Group” MMC və “NKT-bərpa” MMC ilə imzalanıb.
Müqavilənin şərtlərinə görə,
– “İrontree” MMC-yə Füzuli rayonu ərazisində yerləşən Qarğabazar kəndinin layihələndirilməsi üçün 1 milyon 159 min 527 manat,
– Qarakollu kəndinin layihələndirilməsi üçün ”Kooplayihə-AHB” firmasına 1 milyon 595 min 478 manat,
– Qaraxanbəyli kəndinin layihələndirilməsi üçün “Era Desıgn Group” MMC-yə 1 milyon 979 min 981 manat,
– Mirzəcamallı kəndinin layihələndirilməsi üçün “NKT-bərpa” MMC-yə 1 milyon 176 min 194,5 manat ayrılacaq.
Qeyd edək ki, daha əvvəl – 2023-cü ilin iyun ayında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) tabeliyində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “İrontree” MMC-yə Qarğabazar kəndinin şəhərsalma əsaslandırılmasının hazırlanması üçün 225 min 350 manat ayırıb.
Məlumat üçün bildirək ki, bu müqavilələr bir mənbədən satınalma metodu ilə bağlanılıb və satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
– Satınalma predmetinə təcili tələbat yarandıqda;
– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, işğaldan azad olunan kəndlərin layihələndirilməsi məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, satınalma prosesinin bu şəkildə keçirilməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.

 

0.013473033905029