Fitrə zəkatı üçün yığılan 100 milyon manat: Kimin cibinə gedəcək?

Fitrə zəkatı üçün yığılan 100 milyon manat: Kimin cibinə gedəcək?
 

Ramazan bayramına sayılı günlər qalıb. Bu günlərdə ən çox bu sual mömin təbəqəni dərindən düşündürür: Fitrə zəkatı nə qədər olmalıdır? 

Qeyd edək kik, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvaya əsasən, adambaşına 10 manat məbləğ müəyyənləşdirilib. QMİ imkana görə bu məbləğin artacağını istisna etməyib. Ölkədə 10 milyon insanın yaşadığını nəzərə alsaq, ortaya yüklü bir məbləğ çıxır. Söhbət nə az, nə çox, 100 milyon manatdan gedir? Bu pul kimə və hara verilməlidir?

“Yeni Sabah”a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli suallara aydınlıq gətirib: 

“Fitrə sədəqəsi fitrətin sədəqəsi mənasına gələn bir anlayışdır. Özəlliklə, Ramazan ayının son günündə verilməsi, bayram günündə çıxarılması düzgündür. Ramazan ayında fitrə sədəqəsinin çıxarılması müstəhəbdir. Bayram günü fitrənin verilməsi vacib, bayramdan sonra isə məkruhdur, bəyənilmir. Adambaşına, ailə fərdlərinə görə hesablanır və yoxsul ailələr nəzərə alınır. İmkansız insanlar bu böyük mükafatla mükafatlandırılır. Ona görə mükafat adlandırırıq ki, Ramazan bayramı böyük bir bayramdır, onun hədiyyəsi də böyük olmalıdır. Ancaq Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvaya görə, minimum bir hədd 10 manat civarında, daha çox isə 15 manat təyin olunub. Bir adamın süfrəsi 50-100 manat arasında dəyişir. Elə şəxs də var ki, daha bahalı süfrə açır. Bu səbəbdən öz süfrənizi necə və hansı bolluqla açırsınızsa, sədəqənizi də belə çıxarsaz daha çox savab iş görmüş olarsınız. Məsələn, satışda kilosu 30 manat olan xurma da var, 5 manat olan da. Əgər siz özünüz üçün 30 manatlıq xurma alıb, sədəqə olaraq ən aşağı həddi düşünərək, Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi fitrə zəkatını fikirləşiriksə, biz bu məsələdə yanılırıq”. 

İlahiyyatçı qeyd edib ki, fitrə zəkatı insanları ələ baxımlı öyrətməli deyil: 

“Digər bir sual isə fitrə zəkatının hansı insanlara verilməsi ilə bağlıdır. Məscidlərə, sandıq qutularına verilməlidi, yoxsa birbaşa şəxsə? Bir müsəlman olaraq, bayrama qədər fitrə zəkatını kimə verəcəyimizi təyin etməliyik. O adam bizim yaxın qohum-qonşumuz, tanıdığımız, ehtiyaclı biri ola bilər. Elə bir fitrə sədəqəsi toplamaq olar ki, bir neçə şəxs toplanar və evsiz insana ev alına bilər. Yaxud əməliyyat lazım olan şəxs üçün pul yığıla bilər. Bu cür bir addım nəzərdə tutulur. Yəni fitrə sədəqəsindəki hədəf insanları ələ baxmağa öyrətmək deyil. Elə bir fitrə sədəqəsi verilsin ki, gələn il həmin şəxs özündən aşağı imkanlı bir adama da əl tutsun, yardım etsin. Beləliklə, cəmiyyət yoxsulluğun girdabından xilas olsun. Ona görə, İslamın təyin etdiyi bu sədəqələrin ardında böyük anlayış dayanır”. 

 

0.080999851226807