Dərsliklərimiz niyə bərbaddır? - Dos. İlham Əhmədov 

Dərsliklərimiz niyə bərbaddır? - Dos. İlham Əhmədov 
 

Məlumdur ki, təhsilin büdcəsi ilə keyfiyyəti arasında düz mütənasiblik var. Amma bizdə əksinədir. 25 il əvvəl təhsilin büdcəsi indikindən dəfələrlə az idi, keyfiyyət isə daha yüksək idi. Heyf təhsil islahatı adı ilə itirilən 25 ilə və yüz milyonlara. Əgər heç bir "islahat" olmasaydı, keyfiyyət indikindən yüksək olardı.
25 illik islahatın hədəfi deyəsən ölkədə rəsmi təhsili repetitorluqla əvəz etmək imiş.
Dərsliklər və fənn proqramları təhsil sisteminin əsas elementləridir. Amma bizim
məktəb dərslikləri çox bərbad haldadır.
Niyə?
Niyə ETN 25 ilə adi məktəb dərsliyini də hazırlaya bilmədi?
Hesab edirik ki, bunu bilərəkdən ediblər, şagird sərbəst şəkildə evdə kitablarla hazırlaşa bilməsin, məcbur qalıb repetitor yanına getsinlər. Ali təhsilli valideynlər də heç bu dərsliklərdən bir şey anlaya bilmir ki, evdə uşağına dərsi izah etsin. Deməli, xilas yolu yenə repetitorluqdur.
Məktəbdə dərslərin səviyyəsinin aşağı olması da bununla əlaqəlidir. Bəzi müəllimlər sanki, bilərəkdən şagirdlərə sinifdə heç nə öyrətmirlər ki, uşaqlar repetitor yanına getməyə məcbur qalsınlar.
Nazirlik 30 ildir belə "təhsil sistemini", yəni repetitorluğu dəstəkləyir, onun inkişafına xidmət edir. Repetitorluq bu gün "məktəbəqədərdən MİQ-ə qədər" fasiləsiz kölgə təhsilinə çevrilib. Biz vaxtı ilə keçmiş təhsil nazirlərindən biri ilə bu problemləri müzakirə edərkən, təklif etdik ki, bütün fənnlər üzrə mükəmməl elektron dərsliklər hazırlansın, elə dərsliklər ki, mövzunun müəllim tərəfindən izahına və biliyin yoxlanılmasına ehtiyac qalmasın. Bu kütləvi və deməli keyfiyyətsiz repetitorluğun qarşısını ala bilər. Nazir məni diqqətlə dinlədi və heç nə etmədi.
Universitetlərdə vəziyyət məktəbdən də bərbaddır. Gələn abituriyentlər məktəb proqramını 20-30% həcmində bilirlər, bu baza ilə ali məktəb proqramlarını mənimsəmək və sessiya imtahanlarında 51% ball yığmaq mümkün deyil. Bunu SDU bir daha sübut etdi, 60 % tələbə kəsildi. Universitetlər bu gün sanki, orta təhsili olmayanlara ali təhsil vermək istəyir. Amma hamısı da uğurla diplom alır.
Orta məktəblərin tədris metodik bazası və müəllimlərin təkmilləşdirilməsi sistemi zəif olsa da var, ETN az da olsa bu məsələni həll etməyə çalışır.
Ali məktəblər isə sanki tam sahibsizdir, ETN onlara heç bir məsələdə dəstək olmur, PHŞ olandan sonra isə durum daha da ağırlaşıb.
Universitetlər az büdcə ilə həm elmi və tədris fəaliyyətini təşkil etməli, illərlə qalaqlanan problemləri həll etməli, həm də "inkişaf" etməlidirlər. Bütün bunlar azmış kimi, hələ nazirliyin yaratdığı fondu da maliyyələşdirməlidirlər.
30 ildir təhsil imitasiyası davam edir.
Ölkə Prezidenti dəfələrlə xalqı ictimai nəzarəti gücləndirməyə çağırıb. Amma, mımurlar buna imkan vermir. Görünür başqa məqsədləri var. 1-2 nəfərlə ictimai nəzarət olmaz. İctimai nəzarət kütləvi olmalıdır.

Paralel.az 

0.038991928100586