Kadir İnanırla bağlı xoş xəbər
Vəziyyəti qəfil pisləşdiyindən ötən həftə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilən türk kinosunun əfsanəsi, aktyor Kadir İnanırın səhhətində irəliləyiş var.
Paralel.az xəbər verir ki, Türkiyə mətbuatı 74 yaşlı sənətçinin müalicə aldığı xəstəxanadan evə buraxıldığını yazıb.
Aktyorun həyat yoldaşı Julide Kural sənətçinin başqa bir xəstəxanada müalicəsinə davam edəcəyini açıqlayıb:
"Ümraniyə Təhsil və Araşdırma Xəstəxanasında ilk müdaxilə, reanimasiya prosesindən sonra xəstəxanadan ayrıldıq. Ancaq reabilitasiyaya başlamaq üçün Yeditepe Universiteti xəstəxanasına yerləşdik".
O, K.İnanırın sevənlərinə də səslənib:
"Əlbəttə zamana və səbrə ehtiyacı var. Həmişə dediyimiz kimi, Kadir İnanır güclüdür və ona çatan belə bir sevgi və hörməti hiss etdikcə əminəm ki, bunun da öhdəsindən gələcək. Bütün bu çətinliklərin inadına o yatağın içərisində Yunan mifologiyasındakı Zeusun gücü, Parisin yaraşıqlılığı ilə elə xarizmatikdir ki...",- deyə J.Kural əlavə edib.
Qeyd edək ki, Kadir İnanırın beynindəki bəzi damarlar tıxandığına görə ötən həftə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Daha sonra reanimasiyaya yerləşdirilən sənətçinin vəziyyətinin yaxşıya doğru getdiyi açıqlanmışdı.