Röya Ayxan: “Deyirlər ki, ikiotaqlı evin pulunu bir buruna vermisən” - VİDEO
Xalq artisti Röya Ayxan Bakıda ard-arda iki gün konsert verib. Paytaxtın məşhur məkanlarından birində səhnəyə çıxan estrada ulduzu kulisdə OLAY-la həmsöhbət olub:
- Əvvəla keçmiş olsun demək istəyirik.
- Sağ olun. Biz olaylarla dolu qadınıq da. Deyir, gəzən ayağa daş dəyər.
- Məlum hadisədən sonra ilk konsertinizdir. Təəssüratlarınız necədir?
- Bu tip konsertlər bilirəm necə olur. Sadəcə bu klubda ilk dəfə səhnə alıram. Bu arada Moskvada konsertimi təşkil edən oğlan da ailəsi ilə bura gəlib. Biz onlarla danışacağıq. Bir video da hazırlamalıyıq. Çünki biz hər şeyi qaytarmağa hazırıq. Fors-major deyə bir şey var. Zəlzələ, müharibə, bir şey olarsa… Bu halda o pulu xərcləyə də bilməzdim. Bəlkə də, hansısa müğənni götürüb xərcləyər. Bu, mənim nə insanlığıma, nə də qüruruma sığar. Röya bunu etməz! Aldığımız bütün pulları iadə edirik ki, hər kəs biletlərini qaytara bilsin. Biz də tarixi başqa vaxta salaq. Oğlanla müzakirə edəcəyik. Sağlıq olsun. Onsuz da Röya hər zaman oxuyacaq. Harada olmağımıza baxmayaraq, hansı millətdən söhbət gedirsə, getsin, sülh-əminamanlıq olsun. Biz nə istəyərik ki? Yalnız oxumaq və deyib-gülmək. Ən gözəl sənət bizimkidir. Çünki yalnız toy-büsat, konsert istəyirik.
- Hamı narahat idi sizin üçün. Media nümayəndələri, sevənləriniz... Bir də sənət dostlarınız. Çoxu da sizinlə bağlı “keçmiş olsun” paylaşımı etdi.
- Buradan tanıdığım-tanımadığım hər kəsə təşəkkür edirəm. Məni sevməyən belə bilirəm ki, sevir. O da sağ olsun (gülür).
- Bu il başlayandan ard-arda fotosessiyalar təqdim edirsiniz...
- Hə. Çoxu deyir ki, əməliyyatdan əvvəl daha gözəl idin. Qardaş, məgər üzümü dəyişmişəm, ya siz bildiyiniz əməliyyatdan etmişəm? Siz düşündüyünüz əməliyyat deyil. Doğrudan da insanın bir burunu üzdə hər şeyi dəyişir. Düzdür, hələ şişdir, bir neçə aya tam formalaşacaq. Mən indi üzü üstə yata bilmirəm. Deyirəm, burnumu yenidən əyməyim. Dostlarım deyirlər ki, ikiotaqlı evin pulunu bir buruna vermisən. Doğrudan da dördüncü əməliyyatı heç kim boynuna götürmürdü. Əlavə bəzi toxunuşlar da etmişik. Mən layner çəkməyi sevirəm. Amma çəkə bilmirdim. İndi baxın necə çəkirəm. Çünki gözümün üstündəki ət yoxdur. Mən atama oxşamışam, yəqin ki, bir-iki ildən sonra o ət gələcək yerinə. Yaş keçdikcə, yenidən gələcək də. Sevinirəm ki, bunu 40-da etmişəm. Həkimim dedi ki, tanınmış insanlar, ümumiyyətlə qadın bu əməliyyatdan sonra 6 ay heç nə etmir. Hələ şiş çəkilir. Mən 15 gün sonra kliplər çəkib, fotosessiyalar etdirmişəm. Biləsiniz ki, heç birində fotoşop yoxdur.
- Bir izləyiciniz yazmışdı ki, fotoşop var. Siz də onun şərhini paylaşmışdınız.
- Hə, canımdır mənim. Yəqin o xanım küsüb məndən. Amma əcəb etdim, onun şərhindən keyfim açıldı. Bir az da istədim maraqlı bir şey olsun. Bilirsiniz ki, ancaq özüm-özümlə maraqlı nəsə edirəm. Heç kimin ünvanına nəsə demirəm. Amma doğrudan da fotoşop yoxdur. İnsana təsir edir. Ona görə gecə ilə Orçunu (Orçun Mutlu - fotoqraf - red.) oyatmışam. Demişəm ki, kompüterdən fotonu çək at bura. Çünki fotosessiya etdikdən sonra şəkillər kompüterə birbaşa düşür. Keyfimi açan hadisə idi. Ona görə belə oldu. Belə şeyləri sevirəm. Qətiyyən bir hirs yox idi, acığa etmədim.
- Yenə dayanmadan çalışırsınız. Klip, fotosessiya, “Zülmətəm” hitiniz, konsertləriniz... Bu il də “Səhnəmizin çalışqan ulduzu” ünvanını qorumağa qərarlısınız?
- Sağlıq olsun ki, son damlama qədər sizə xidmət edə bilim. Bu çalışqanlıq deyil, sizə xidmətdir. Özümə və sizə sevgimdir. Düzdür, deyərlər ki, özünü bizdən çox sevər. Düzdür, özümü sevirəm ki, sizə də sevgim var. Durmadan çalışacağam, biləsiniz.
- Adınızla gündəmə gəlməyə çalışanlar var. Hansı ki, siz cavab vermirsiniz, amma durmadan söz atmaq məqsədli paylaşımlar edirlər. Bu vəziyyətə münasibətiniz necədir?
- Əcəb edirlər (gülür). Qoy, atsınlar. Eybi yox. Elə xoşbəxt olursa, olsun. Mənim üçün ən əsası odur ki, haqqımda “Röya yaxşı qızdır” sözlərini eşidirəm. Öz içimdə bilirəm ki, Röya durduğu yerdə heç kimə bir söz deməyib. Bəlkə, əvvəl daha acı dillə cavab qaytarırdım. İndi isə öldürsəniz də, cavab qaytarmayacağam.
- Dinləyiciləriniz bu gecə üçün ən çox hansı mahnıları ifa etməyinizi istəyirlər?
- “Sənə görə”, “Səninəm”, ”Bahar” bir də “Zülmətəm”. Onları da oxuyacağıq.
- Onda biz gedək. Çox sağ olun, vaxt ayırdığınız üçün.
- Sizi çoxlu öpürəm. Həmişə olaylı xəbərlər çatdırasınız. Amma yaxşı xəbərlər...