Elmi mühit belə başların istilası altındadır - Professor 

Elmi mühit belə başların istilası altındadır - Professor 
 

Dünən fəlsəfə üzrə dosent-professor yarlıklı Raşvəd Ovurddaqzadə deyir ki, akademiya müvəqqəti, həm də ideal sığınacaq yeridir. "İki oğlum var, ikisinin də yeri xaricdə hazırdır. Özümə gəlincə, hələ ki vəziyyətim yaxşıdır, 555 manat maaş alsam da, alim kimi pis qazanmıram, babat da hörmətim var. Elə diplomatik davranmışam ki, başıma and içirlər".
Deyirəm, ay Raşvəd müəllim, gözünün qabağında elm adı altında bu qədər xəyanətlər, haqsızlıqlar, mənimsəmələr edilir, dövlət nüfuzdan salınır, xalq məyus və ümidsiz duruma düşür, niyə bir dəfə də olsun, səsini çıxarmırsan? Deyir: "Rəhmətliyin oğlu, sənə yazığım gəlir e. Çox geridə qalmısan, vallah. A kişi, nə itim azıb e, mənə qalıb dərd çəkmək? Əksinə, yeri düşəndə o dağıdanları tərif edib mən də ucundan-qulağından özümə, iki balama gün ağlayıram. Bayaq dediyim kimi, Azərbaycan mənim üçün uşaqlar böyüyənə qədər müvəqqəti dayanacaqdır. Deyirəm, buranın sonu yoxdur, başlamısan ki, bağ belə, bostan belə. Görmürsənmi, hamı dağıdır, hamı aldadır, hamı yaltaqlanır və aradan çıxıb uşaqlarını xaricə qaçırdırlar?! Sən bədbəxt isə XXI əsrdə bu yaşda dövlətdən ev dilənirsən. Ayıbdır, e, necə özünə sığışdırırsan?! And olsun şərəfimə, inan ki, sənin yerinə olsaydım, millətin son damla qanını içib özümə ev alardım, sənin vəziyyətinə düşməzdim. A kişi, sənin xəbərin yoxdur, bütün AMEA-da rüsvay olmusan e, sənə aciz dilənçi kimi baxırlar. FB-yə qoyduğun o kostyumlu-qalstuklu şəkillərindən utan! Elə bilirsən, camaat sənə yeyib-dağıtmadığın üçün hörmət qoyur? Ə, hamsı sənin qalstukuna görədir e. Əksinə, səndən nəsə umurlar. Şöbə müdirisən, elmlər doktorusan. bizə qoşulmursan. Guya sən düzsən, biz səhvik? Ay-hay...".
Deyirəm, yox, Raşvəd müəllim, sizi səhv, özümü düz saymıram. Sadəcə, o qara işləri bacarmıram, vəssalam.
Raşvəd Ovurddaqzadə ətli-lətli ovurdlarını titrədərək davam edir: "Yuxarıdakılar da görürlər ki, əlkütsən, deyirlər, getsin, ölsün də. Bacarmırsan da, nə edək? Sən öləsən, elə yağlı dissertantlar gəlir ki, 25-30 min aldığım vaxtlar olub. Müzakirə, müdafiə, AAK pulunu da verib diplomlarını alırlar. 25 günə bir dissertasiya yazıb verirəm. Kimdir e, işə baxan, oxuyan? Pul olsun, pul! Dəfələrlə copy-paste edib vermişəm, hesabını verib, bəh-bəhlə keçirib, cəh-cəhlə diplomlaşdırıblar. Odur e, sağlığına iki dənə üçotaqlı ev almışam, düz şəhərin tsentrində. Birini 2000 manata xariciyə kirayə verirəm. Abdulla və Abgülcığazlarım 11 illiyi qurtaran kimi evləri də satıb çıxacağam bu ölkədən. Buranın sonu yoxdur".

Professor İdris Abbasov 

Paralel.az 

0.023959159851074