“İngilis hakiminə yaraşmayan qırmızı vərəqə oldu” – Qurban Qurbanov
“Epizoda baxdım. İngilis hakiminə yaraşmayan qırmızı vərəqə oldu”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
UEFA Avropa Liqasının 1/8 finalının “Bayer”lə səfər oyunu haqda danışan mütəxəssis igiltərəli baş hakim Entoni Teylorun Elvin Cəfərquliyevə qırmızı vərəqə verdiyi epizodu dəyərləndirib: “Bəlkə də İngiltərə Premyer Liqasında bunu cərimə zərbəsi kimi qiymətləndirməzdilər. Amma söz sahibi o idi və qərar belə verildi”.
Q.Qurbanov bildirib ki, oyundan sonra Elvinə etiraz bildirmək düzgün olmazdı: “Çünki hər kəs fərqli emosiyada idi. Biri əsəbi, biri məyus idi. Amma hər bir halda futbolçularım diqqətli olmalıdır. Daha tez oynamağı bacarmalıdırlar. Yenə də futbol mübarizə oyunudur. Belə epizodlarda bəsit qırmızı vərəqə qərarı düzgün deyil”.
Xatırladaq ki, “Qarabağ”la “Bayer” arasında Bakıda keçirilən oyunda 2:2 hesabı qeydə alınıb. Leverkuzendə ötən gecə oynanılan görüşdə isə “Qarabağ” 2:0 hesabı ilə öndə olsa da, son dəqiqələrdə buraxdığı qollara görə uduzub və iki oyunun nəticəsinə əsasən (2:3, 2:2), mübarizəni dayandırıb.