Düşmənlər də sazişdən danışırlar, məqsədləri isə başqadır

Düşmənlər də sazişdən danışırlar, məqsədləri isə başqadır
 

Tapdıq Abbas

Qarabağ müharibə veteranı, "Əməkdar Mədəniyyət işçisi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, "Azad Jurnalistər Təşkilatı" İB dönəm sədri, Qarabağ Komitəsi İdarə Heyətinin üzvü...

Ermənistanın Qərb dövlətlərilə yaxınlaşması Cənubi Qafqazı çalxalayır

Ölkəmizin çoğrafi mövqeyi, Xəzər dənizi hövzəsi ölkələri üçün vahid enerjiötürmə qabiliyyətinə malik dövlət kimi dünyada çox mühüm nöqtədə yerləşməsi, güclü iqtisadi imkana malik olması Ermənistanı himayə edənləri ciddi narahat edir.

2020-ci il 44 günlük Vətən müharibəsində və 2023-cü il sentyabr ayında sutka ərzində keçirdiyi anti-terror əməliyyatı nəticəsində Azərbaycan ordusunun Ermənistan işğalçı terror qüvvələrini ərazimizdən qovaraq, işğal altında olan torpaqlarımızı azad etməsi nəinki Ermənistanın əzəli himayəçiləri, qonşu Rusiya və İranı, hətta ABŞ, Fransa, Avropa İttifaqını Azərbaycana qarşı qəzəbləndirib.

Qonşularımız, mehriban düşmənlərimiz, Ermənistan dövlətini əzəli Azərbaycan torpağında XVII və XIX əsrlərdə yaradıb, möhkəmləndirən, daim keşiyində duran Rusiya və İran qəflətən onların himayəçiliyindən imtina edib, ABŞ, Fransa, Aİ və ümumiyyətlə Qərbin ətəyindən yapışan Ermənistanın xəyanətindən çox qəzəbləniblər.

Rusiyanın və İranın əbədi vassalı hesab olunan Sərkisyanı devirib Ermənistanda Baş nazir postuna Qərbin köməyilə sahiblənən Nikol Paşinyan hazırda Rusiya və İrana açıq, çəkinmədən meydan oxuyur, Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçirdiyi iclas və tədbirlərdə iştirak etmir və tez-tez  KTMT-dən, Rusiyanın Ermənistanın Gümrüdə yerləşən 102-ci ordusunun ölkədən çıxması barədə bəyanatlar səsləndirir.

Ermənistanın baş naziri N. Paşinyan Rusiya prezidenti Putini 2020-ci ildə Azərbaycanla Ermənistan arasında baş vermiş 44 günlük müharibədə və ondan sonrakı proseslərdə Ermənistana lazımınca kömək etməməkdə, onu hakimiyyətdən devirməyə cəhd etməkdə günahlandırır. İndinin özündə də N. Paşinyan verdiyi bəyənatlarda deyir ki, əgər Putin məni hakimiyyətdən devirmək planından əl çəkib, Ermənistana lazımınca hərbi-iqtisadi dəstək verməsə, Ermənistan ABŞ, Fransa, Avropa İttifaqı və Qərbə inteqrasiyaya davam edəcək.

Son günlər N. Paşinyan Ermənistan ətrafında yaranmış vəziyyətin çox gərgin, ağır olduğu barədə həm açıqlama verir, eyni zamanda, digər tərəfdən Hindistan, Fransa, Yunanıstan, ABŞ və Aİ ilə yeni ittifaq yaradır və Ermənistanı sürətlə silahlandırır. Şübhəsiz ki, Qərb, xüsusən Fransa Ermənistanı silahlandırmaqla, Azərbaycanla müharibəyə hazırlayır. Bu da regionda güc sahibi olan Rusiya, İranı və Türkiyəni çox narahat edir və hər bir ölkə Ermənistan rəhbərliyinə ardıcıl olaraq xəbərdarlıq edirlər.

Görünən odur ki, Qərb Ermənistana daxil olmaqla, regionda ağır olan durumu daha da dərinləşdirmək istəyir. Ermənistandan başqa region dövlətlərin heç biri Qərbi Cənubi Qafqaz regionuna buraxmaq və Qərbin regionu qarışdırmaq fikrilə həmrəy olan yoxdur. Amma Qərb bunları nəzərə almadan Ermənistanın Qərbə inteqrasiyası, hətta NATO-ya üzv qəbul olunmasına yaşıl işıq yandırmaq ideyasına təşviq edir.

Fikrimcə, burada Qərbin əsas məqsədi Cənubi Qafqaz regionuna girmək, Rusiyanın hərbi gücünü parçalamaq məqsədilə Rusiyanı Ermənistandan çıxarmağa sövq etmək, bu zəmində Rusiyaya qarşı ikinci cəbhə açmaq və Rusiyanın Ukraynaya hərbi təcavüzünü zəiflətmək və eyni zamanda, Ermənistanın təhlükəsizliyini, arzularını həyata keçirməkdir..

Qərbin planının baş tutması isə olduqca çətindir, bəlkə də, heç mümkün deyil. Çünki Cənubi Qafqaz regionunda Rusiyanın, İranın, Türkiyənin dərin ilişgiləri, maraqları var, eyni zamanda, bu ölkələr arasında ayrı-ayrı məsələlər üzrə fikir ayrılıqları olsa da, aralarında normal münasibətlər var. Qərb nəzərə almalıdır ki, Türkiyə Qərbə yaxın, NATO üzvü olan dövlət olsa da, Ukrayna ilə müharibə zəminində Qərblə kəskin münasibətdə olan Rusiya yalnız Türkiyə ilə normal münasibətdədir. Bu amilləri nəzərə alsaq, regionda Rusiyaya qarşı ikinci cəbhə açılması ideyasının geçəkləşməsi mümkün görünmür...

Cənubi Qafqazda ən böyük və güclü dövlət olan Azərbaycana gəlincə isə, Ermənistana qalib gəlib, işğal altındakı torpaqlarını azad etdikdən sonra, hələ də ölkəmiz Ermənistan və himayəçi ölkələrlə uğurlu hərbi-siyasi polimika aparır. Qərb və regiondakı düşmənlərin bütün cəhdlərinə baxmayaraq, dövlətimiz həm hərbi - iqtisadi baxımdan inkişaf edir, həm də beynəlxlaq aləmlə ciddi ilişkilər qurmağa davam edir.

Azərbaycanla müqaisədə bir neçə dəfə hərbi - iqtisadi cəhətdən zəif olan Ermənistan təəssüf ki, öz gücünə arxalanmır. Türkiyə və Azərnaycan dövlətlərinə qarşı ərazi iddialarında bulunan haylar türk və islam düşmənçiliyini qızışdıran böyük xristan dövlətlərinin gücünə sığınır. Özgə gücünə sığınan biçarə qövmün isə dünyada kiməsə qalib gəlməsi və xoşbəxt olmasına hələ rast gəlinməyib. Ermənistan rəhbərlərinin normal düşünmək qabiliyyəti olsaydı, Türkiyə və Azərbaycan kimi iqtisadi baxımdan inkişaf etmiş qonşu dövlətlərə düşmənçilik etməzdilər, barış və sülh içində xoşbəxt yaşamaq yolu seçərdilər.

Ermənilər və onları himayə edənlərin dövlətimizə qarşı xarici müdaxilə imkanları məhdudlaşdığından, hazırda beynəlxalq təşkilatların qapısında  çığır - bağırla məşğuldurlar, həm də ölkəmizin daxilinə sızdırdıqları xırda qrupları işə salmaqla məşğuldurlar. Müxtəlif adlarla - məmur, jurnalist, QHT rəhbəri və digər formalarda dövlətimizə qarşı düşmənlərin istəyinə xidmət edənlər dövlətimiz tərəfindən zamanında zərərsizləşdirilir...

Eyibi çox - qoy, Ermənistan himayəçilərinin təhrikilə türkə, müsəlmana qarşı mərdiməzarlıqla məşğul olsun, biz isə Haqq yolu tutub Haqq davası ilə məşğul olaq...

 

0.012907981872559