Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı məhkəmə təxirə salındı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Paralel.az APA-ya istinadla xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesin qeyri-müəyyən müddətə təxirə salınması barədə qərar verilib.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarına əsasən, Akif Çovdarovun şikayəti rədd edilib və onun müsadirədən azad edilmiş 8-ci kilometr bazarı da daxil olmaqla, 30 milyonluq əmlakı yenidən müsadirə edilib.
Xatırladaq ki, Akif Çovdarov 2015-ci ildə saxlanılıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib və 30 milyon manatlıq əmlakı müsadirə edilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb.
2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib.
Lakin Ali Məhkəmə həmin qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.