Sumqayıtda 10 milyonluq “zəmanət” qalmaqalı: Başçı və “sağ əli” borcu necə qaytaracaq?
Bir müddət əvvəl xəbər vermişdik ki, Sumqayıtda iş adamları ilə yerli İcra Hakimiyyəti orqanı arasında uzun illərdir davam edən borc məsələsi ciddi qalmaqala çevrilib…
JAMAZ.İNFO-ya məlumat verən sahibkarlar bildirmişdilər ki, ötən ilin fevral ayında Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov həmin iş adamlarına “barışıq” təklif edib.
“Barışıq” da ondan ibarət olub ki, həmin sahibkarlar borclarını aldıqlarına dair “vəsaitlərin ödənilməsinə dair zəmanət məktubu” verməli və bunu notarial qaydada təsdiq etməlidirlər. Həmin məktub hazır olduqdan bir gün sonra isə onların borcları tam ödəniləcək.
Həmin məlumatda vurğulanırdı ki, sahibkarların bir neçəsi Fərəcovun şirin dilinə aldanıb, buna razılıq veriblər. Bunun ardından Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri, eyni zamanda Zakir Fərəcovun “sağ əli” kimi tanınan Gündüz Əliyev “borc vəsairlərinin verilməsinə dair zəmanət məktubu”nu hazırlayaraq, onu sahibkarlara təqdim edib. Həmin sahibkarlardan bir neçəsi həmin sənədi notarial qaydada təsdiqləyib.
Bir gün sonra isə pulun verilmədiyini, hətta etiraz etdiklərinə görə, təhdid olunduqlarını görən iş adamları elə notarial qaydada həmin “zəmanət məktubu”nu ləğv etdiriblər. Ardından da rəsmi qurumlara teleqarmla müraciət edərək, belə bir sənədin hüquqi əhəmiyyət daşımadığını bildiriblər.
Həmin hadisənin üzərindən bir müddət keçdikdən sonra məlum olub ki, Zakir Fərəcov sözügedən “zəmanət məktubu”nu əlində əsas tutaraq, rəsmi qurumları inandırmağa çalışırmış ki, borc söhbəti yoxdur. Bundan xəbər tutan həmin iş adamlarının bir neçəsi dərhal rəsmi qurumlarla əlaqə saxlayaraq, vəziyyəti izah etdikdən sonra durum dəyişib. Belə ki, dövlət qurumları Zakir Fərəcovdan həmin pulun sahibkaralara qaytarılmasını tələb ediblər.
Elə mərəkə də bundan sonra qopub. JAMAZ.İNFO-ya danışan sahibkarlar bildirirlər ki, Zakir Fərəcov bu məsələdən sonra o, şöbə müdiri Gündüz Əliyevi yanına çağıraraq, problem həll etməyi tapşırıb. Əliyev isə sahibkarları sakitləşdirmək üçün borcun ən azından yarısını verməyin vacib olduğunu, əks təqdirdə daha çox başlarının ağrıyacağını deyib. Bu söz isə Fərəcovun xoşuan gəlməyib və tərəflər arasında mübahisə yaranıb. Hətta iddialara görə, icra başçısı şöbə müdirini otağından belə qovub.
Hal hazırda Gündüz Əliyev sahibkarları sakitləşdirmək və borc məsələsini yoluna qoymaq üçün onlarla görüş keçirməyə cəhd edir.
Lakin iş adamları pulları qaytarılmadığı təqdirdə, hər hansı görüşdə iştirak etməyəcəklərini bildiriblər. Üstəlik, xəbərdarlıq ediblər ki, yaxın günlərdə rəsmi qurumların nümayəndələri ilə görüşərək, problem yenidən qaldıracaqlar. Üstəlik, o da məlum olub ki, “zəmanət məktubu” söhbətinə əsaslanan İcra Hakimiyyəti özü çətin duruma düşüb. Çünki həmin sənədin notarial qaydada ləğv edilməsi, hazırda isə ondan istifadənin özünün “saxtakarlıq” olması rəsmi qurumlara məlum olub.
Xatırladaq ki, 2016-cı ildən bəri yaranan bocr qalmaqalı nəticəsində sahibkarlara müxtəlif işlərin görülməsi müqabilində 10 milyon manat ödənilməlidir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.