“Bəzi boşanmalar saxta olur” - AÇIQLAMA

“Bəzi boşanmalar saxta olur” - AÇIQLAMA
 

Rəsmi məlumatlara görə, son illərdə Azərbaycanda boşanmaların sayı artıb. Məsələn, Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri keçən il ərzində ölkədə 21 688 boşanma halları qeydə alıb. Dövlət Statistika Komitəsinin məlumatında bildirilib ki, 2022-ci illə müqayisədə əhalinin hər 1 000 nəfərinə boşanmaların sayı 1,6-dan 2,1-ə qədər artıb. Bəs, boşanmaların hamısı realdırmı? Yəni, sənəd üzərində boşanaraq, əslində isə həyat yoldaşından real olaraq ayrılmayan cütlüklər varmı?

Mövzu ilə bağlı vəkil Elvin Əliyev AZƏRTAC-a deyib ki, bu kimi hallar var. O xatırladıb ki, nikaha daxil olmaqla yanaşı nikahın pozulması halları da şəxslərə hüquq kimi verilib. Heç kəs nikaha daxil olmaq və nikahını pozdurmaq üçün məcbur edilə bilməz.

“Günümüzdə nikahların pozulması tərəflərdən birinin fiziki-mənəvi təsirlərə, məişət zorakılığına məruz qalması, ailəyə üçüncü şəxslərin mütəmadi müdaxiləsi və maddi imkanların aşağı olması kimi xüsusiyyətlər səbəb olur. Lakin bəzi hallarda müxtəlif maddi imtiyazlardan faydalanmaq üçün, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməməsi üçün cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin - ər və ya arvadın mülkiyyətində olan əmlaklarının müsadirə olunmaması məqsədilə saxta boşanmalarla qarşılaşırıq”.

Vəkil vurğulayıb ki, saxta boşanmanı həqiqi boşanmadan fərqləndirmək demək olar qeyri-mümkündür.

“Belə ki, nikahın pozulmasının qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Hər iki boşanma halında qanunvericiliyin tələblərinə əməl olunur. Saxta boşanmanı ancaq tərəflər bilir. Onlar istər müvafiq icra hakimiyyəti orqanında, istərsə də məhkəmədə boşanma tələblərini tam ciddi formada əsaslandırırlar. Ona görə həmin nikahın ləğvinin saxta və ya həqiqi olmasını müəyyən etmək olmur. Hər bir halda boşanmaq üçün müraciət olunubsa, həmin müraciətə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılır. Tərəflər boşanmaq üçün təkidlə israr edirlərsə, məhkəmə onların arasında olan nikahı pozur”, - deyə vəkil bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Məmmədov deyib ki, onlara bununla bağlı müraciət daxil olmayıb.

 

0.040127038955688