Cəbrayılda ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimlikləri məlum olub - YENİLƏNİB

Cəbrayılda ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimlikləri məlum olub - YENİLƏNİB
 

Cəbrayıl rayonunun Marallı kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alaraq Füzuli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən şəxslər Xırdalan şəhər sakini, 1993-cü il təvəllüdlü Cabbarlı Turan Fuad oğlu, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Fərzəli Üzeyir Faiq oğlu və Laçın rayon sakini, 2000-ci il təvəllüdlü Məhərrəmov Elvin Natiq oğludur.

Hadisə zamanı dünyasını dəyişən 3 nəfər isə Tovuz rayon sakinləridir. Onlar Tovuzun Cilovdarlı kənd sakini, 1992-ci il təvəllüdlü Əliyev Etibar Fərhad oğlu, Çaxırlı kənd sakini, 1999-cu il təvəllüdlü Mehtiyev Mehti Vüqar oğlu və Tovuz şəhər sakini, 2001-ci il təvəllüdlü Cəfərov Əli Elşən oğludur.

Qəza zamanı ölən və yaralananların işğaldan azad edilən ərazilərdə tikinti-bərpa işlərində çalışdıqları bildirilir.

Qeyd edək ki, yol qəzasında 3 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

17:08

Cəbrayıl rayonunun Marallı kəndində 3 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı "Report"a bildirib ki, "Mercedes" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində Əli Cəfərov, Mehdi Mehdiyev və Etibar Əliyev hadisə yerində ölüb.

Daha 3 nəfər ağır xəsarət alıb. Onların kimliyi dəqiqləşdirilir. Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

0.018564939498901