Samirədən Namiq Qaraçuxurlunun sözlərinə reaksiya: "Özü meyxana demir..."
"Namiq Qaraçuxurlu düzünü deyir, mən onu dəstəkləyirəm".
Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Samirə Yusifqızı həmkarı Namiq Qaraçuxurlunun "Meyxanada qışqırmalar başlayanda başım ağrıyır" fikirinə münasibət bildirərkən deyib.
Samirə Yusifqızının fikirincə, meyxanada qışqırmaq olmaz:
"Meyxana folklor janrıdır, söz çatdırılmalıdır. Özü də sözü elə deməlisən ki, qışqırıq olmasın. Musiqidə qışqırmağın əleyhinəyəm. Qışqırmaq musiqi deyil. Hər bir adam qışqırsa, səsi hara desən gedər".
Samirə Yusifqızı Namiq Qaraçuxurlunun gənclərlə bağlı iradlarına da münasibət bildirib:
"Meyxanaya yeni gələn savadlı və zövqlü gənclərimiz var. Heç kəs heç kəsin yerini vermir. Yaşlı meyxanaçılarımız cavanlardan fəqlidir. Bu, belə də olmalıdır, zamanın tələbidir, hər bir kəs yerində durub saymır ki. Namiq özü meyxana demir, bu, onun seçimidir. Amma Namiq gözəl meyxanaçıdır".
Qeyd edək ki, meyxana ifaçısı Namiq Qaraçuxurlu həmkarlarını zövqsüzlükdə ittiham edib:
"Bu gün meyxana demirəm. Meyxana deməklə bağlı indi problemim olar. Gənclərdən isə bəyəndiklərim çoxdur. Yeni gənc meyxanaçı çıxanda informasiyam olsun deyə, qulaq asıram. Amma zövq almaq üçün köhnələri dinləyirəm. Hazırda zövqümcə meyxanaçı yoxdur. Amma yaxşı meyxanaçılarımız çoxdur. Baxırsan ki, gözəl, əvvəlkilərdən də yaxşı deyir, amma ruha yapışmır. Meyxanada qışqırmalar başlayanda başım ağrıyır".