Evdəki məhsullarla dişləri ağartmağın yolları
Hər kəs ağ, mirvari kimi dişlərə sahib olmaq istəyir. Ancaq gün ərzində istehlak edilən çay, qəhvə və s. dişlərin saralmasına səbəb olur.
Medicina.az xəbər verir ki, bəzi təbii üsullarla dişləri ağartmaq mümkündür.
Banan qabığı
Banan tərkibindəki kalium, manqan və maqnezium ilə ən faydalı meyvələr arasındadır. Məlumdur ki, onun qabığı da özü qədər faydalıdır. Banan qabığının iç tərəfi ilə dişlərinizi ovuşdurmaq onların daha ağ görünməsinə kömək edəcək.
Çiyələk
Tərkibindəki malik turşusu sayəsində dişləri ağartmağa kömək edən çiyələyi soda ilə də qarışdırmaq olar. Çiyələyi əzdikdən sonra dişlərinizə çəkin. Onun effektini artırmaq üçün prosesi dişləri soda ilə fırçalayaraq sonlandıra bilərsiniz.
Portağal qabığı
Portağalın qabığı dişləri ağartmaqla yanaşı, dişdəki ləkələri də təmizləyir. Tərkibindəki “d-limonen” maddəsi sayəsində dişlərinizin daha ağ görünüş qazanmasına kömək edir. Bununla belə, portağal qabığındakı turşunun diş minasına və ətinizə zərər verməməsi üçün bu üsuldan çox tez-tez istifadə etməməlisiniz.
Qatıq və soda
Qatıq və soda dişləri ağartmaq üçün əvəzsiz variantlardan biridir. Qatığın tərkibindəki laktik turşu soda ilə birləşdirildikdə dişlərdəki ləkələri yox edir.
Kokos yağı
Bir çox sahədə istifadə edilən kokos yağı dişləriniz üçün də çox faydalıdır. Gündə bir dəfə kokos yağı ilə ağzınızı yaxalamaq diş minanızı gücləndirəcək və ağızdakı bakteriyalarla mübarizə aparacaq. Bu üsulun zamanla təsirlərini görə bilərsiniz.
Qeyd edək ki, kokos yağı yuxarıda sadalananlar qədər tez təsir etməsə də, ən təhlükəsiz və dişlərə ən faydalı olan üsuldur.