“Apple”dan gözlənilməz qərar: İllərlə üzərində işlədiyi layihəni birdəfəlik dayandırdı - FOTO
Texnologiya nəhəngi “Apple” öz elektromobilini yaratmaq ideyasından imtina etmək və bu istiqamətdə bütün işləri dayandırmaq qərarına gəlib.
Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, 10 ilə yaxındır üzərində işlər davam edən layihənin bağlanması barədə qərar şirkət daxilində bu sahədə çalışan işçilər tərəfindən elan edilib.
Bildirilir ki, “Apple” bundan sonra bütün diqqətini süni intellekt (AI) texnologiyalarının inkişafına yönəltmək istəyir. Bu məqsədlə elektromobilin yaradılması üzərində işləyən “Special Projects Group” komandasının bir çox işçisi generativ süni intellektin inkişafı bölməsinə köçürüləcək.
Qeyd edək ki, “Apple” mütəxəssisləri 2014-cü ildən layihə üzərində işləməyə başlayıblar, 2021-ci ildə isə onun beş-yeddi il ərzində tamamlanmasının mümkünlüyü barədə xəbər verilib.
Konsepsiyada elektromobilin adi sükan çarxı və pedallarının olmaması nəzərdə tutulurdu. Belə bir avtomobildə hərəkətin təhlükəsizliyini təmin etmək üçün kompleks köməkçi mexanizmlər sistemi də hazırlanmışdı.