"Xocalının qisası alınsa da, dünya bu cinayətə hələ siyasi-hüquqi qiymət verməyib"

 

"İyirminci əsrin ən dəhşətli faciələrindən biri olan və “Əsrin faciəsi” adını alan Xocalı soyqırımından 32-ci il ötür. Ermənistan tərəfindən törədilən Xocalı soyqırımı insanlığa qarşı ən ağır və dəhşətli cinayətlərdən biridir. XX əsrin sonlarında dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qətliam və soyqırımı siyasəti öz qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayətdir. Azərbaycan ordusu bu qisası yerdə qoymasa da, beynəlxalq aləm insanlığa qarşı olan cinayətə siyasi-hüquqi qiymət verməlidir. Çünki bu cinayəti törədənlər hüquqi qiyməti almayıb, layiqli cəzalarını çəkməyəndə, belə hadisələr dünyada çox pis presedentlərə səbəb olur"

Bunu İltizam Yusifov deyib.

O əlavə edib ki, dünya birliyi Xocalı soyqırımına laqeyd münasibət bəsləsə də, Azərbaycan tərəfinin yürütdüyü məqsədyönlü fəaliyyət nəticəsində dünyanın çoxsaylı ölkələri Xocalı soyqırımını tanıyaraq ermənilərin insanlığa qarşı törətdiyi cinayəti pisləyiblər: "Mən burada  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işləri xüsusi təqdir edirəm. Məhz onun rəhbərliyi altında həyata keçirilən kampaniya nəticəsində dünyanın bir sıra dövlətləri Xocalı soyqırımını rəsmən tanıyıb, bu soyqırımını pisləyən qətnamə qəbul ediblər. Cənab Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız vəziyyəti artıq dəyişib".

Deputat onu da bildirib ki, Azərbaycan xalqı heç zaman Ermənistanın və ermənilərin nə Azərbaycana qarşı yürütdüyü işğalçılıq, hərbi, soyqırımı siyasəti qarşısında sınıb geri çəkilmədi: "Dözüb, müqavimət göstərib, gücləndi. Nəhayətində, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibə nəticəsində Azərbaycan ordusu düşmən üzərində şanlı Zəfər çalaraq 30 illik işğala son qoyub ərazi bütövlüyünü təmin etdi.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Xocalı və digər şəhərlərimiz azad edildi. Müzəffər Ali Baş  Komandan İlham 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. 

Cənab Ali Baş Komandanın bəyan etdiyi kimi, Azərbaycan Xocalı soyqırımının qisası aldı. Lakin düşməndən fərqli olaraq, bu qisas dinc, müdafiəsiz əhaliyə qarşı cinayət törətməklə deyil, döyüş meydanında oldu. Xocalı artıq azaddır. Xocalı qurbanlarının ruhu qisasları alındığı üçün şaddır.

Hazırda Xocalı şəhərində bərpa işləri həyata keçirilir, bu il sakinlərin doğma şəhərə qayıdışı başlayacaq. Beləliklə, Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı və tarixi ədaləti bərpa etdi. 

Azərbaycan Xocalı cinayətinin bir çox iştirakçılarını həbs edib. Digərləri də gec-tez ədalət məhkəməsi qarşısına çıxarılacaq. Əminəm ki, o gün elə də uzaqda deyil. Cinayəti törədənlər öz layiqli cəzalarını alacaqlar”. 

Mürtəza
Ölkə.Az

 

0.012140989303589