Bakıda 16 yaşlı qızın toyunun qarşısı alındı
Azərbaycanda daha bir erkən nikahın qarşısı alınıb.
Ölkə.Az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə bildirib.
O, əvvəlcə 28 fevralda Bakı kəndlərindən birində 16 yaşlı qızın toyu olacağı barədə məlumat yayıb və bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edib.
Daha sonra isə K.Ağazadə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dərhal məsələyə müdaxilə etməsi ilə Maştağadakı toyun qarşısının alındığını deyib.
O həmçinin qeyd edib ki, Daxili İşlər Nazirliyi əməkdaşları onun atdığı lokasiya ilə ailənin ünvanını tapıb:
"Sabunçu Rayon İcra Hakimiyyəti sabah ailəni komissiyaya dəvət edəcək. Xahiş edirəm, qıza seksual hərəkətlərin olması ilə bağlı xüsusi araşdırma aparılsın" , - deyə əlavə edib.
Toyun "Oliqarx" şadlıq sarayında keçirilməsinin planlaşdırıldığını deyən K.Ağazadə restoran sahiblərinə də səslənərək, toyu olacaq şəxslərin vəsiqələrini, nikah sənədini tələb edilməsini istəyib.
"Əks halda siz də məsuliyyyət daşıyırsınız! Vicdanınızı pula satmayın".
Billurə