Xocalı soyqırımı itkinlərindən bəhs edən “13” filmi nümayiş olunub

Xocalı soyqırımı itkinlərindən bəhs edən “13” filmi nümayiş olunub
 

Nizami Kino Mərkəzində Xocalı soyqırımı itkinlərinin naməlum taleyindən bəhs edən “13” adlı bədii-sənədli filmin premyerası keçirilib.

"Report" xəbər verir ki, filmin müəllifi “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, telejurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüseri Xəyyam Abdulla, operatoru Əhməd Barasovdur.

Bundan əvvəl Mübariz Əsgərovun müəllifi olduğu “İşgəncələr məbədi - Şuşa həbsxanası" adlı sənədli film, “Coğrafiya müəllimi” qısametrajlı filmi ictimaiyyətə təqdim olunub.

“13” adlı bədii-sənədli filmin təqdimatında Xocalı itkinlərinin yaxınları da iştirak ediblər.
Ekran əsərinin təqdimat mərasimində jurnalistlərin suallarını cavablandıran filmin rejissoru Elçin Elxanlı böyük fədakarlığa görə yaradıcı heyətə təşəkkür edib: "Film böyük zəhmət hesabına ərsəyə gəlib. "13"ü göz yaşları içində çəkdik. Hələ də təsirindən çıxa bilməmişəm. Ona görə də deməliyəm ki, bu film mənim karyeramda mühüm yer tutur".
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva isə söyləyib ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində işlər aparılır: “Təkcə Xocalı yox, digər qətliamlar haqqında beynəlxalq ictimaiyyətə məlumat verilməlidir. Bir neçə gün öncə Xocalıda kütləvi məzarlıq aşkarlandı. Bu, Xocalı faciəsinin növbəti ildönümündə, bəlkə də, ilahi ədalət idi”.

A.Əliyeva qeyd edib ki, film Müdafiə Nazirliyini dəstəyi ilə hərbi hissələr də nümayiş olunacaq.

Tədbirdə çıxış edən Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib ki, işğaldan azad olunmuş ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb.

O bildirib ki, Azərbaycan torpaqları erməni işğalından azad olunandan sonra Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur: "Belə müraciətlərdən sonra Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 200-ü keçib. İşğaldan azad olunmuş ərazilərdə fevralın 23-də 13-cü kütləvi məzarlıq aşkarlanıb. Sonuncu itkini aşkar edənə qədər çalışacağıq. Bütün itkinlərimizin taleyi aydınlaşacaq".

E. Səmədov söyləyib ki, itkin düşənlərin ailələrinə və ictimaiyyətə itkinlərin taleyi barədə yaxın günlərdə yenidən məlumat veriləcək.
Qeyd edək ki, filmdə haqqında bəhs edilən 13 nəfər gənc qətliam günü Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc əhalinin arasından seçilərək aparılıb və onların taleyindən indiyədək xəbər yoxdur.

 

0.029820919036865