Cennifer Lopezin sağlamlıq sirri - Bu bitkidən istifadə edir
Qvinet Peltrou, Cennifer Lopez və Opra Uinfri kimi bir çox məşhurun sağlamlıq üçün “Ashwagandha” və ya “hind jenşeni” adlanan bitkidən istifadə etdiyi məlum olub.
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, “ashwagandha”, minilliklər boyu Hindistanın ənənəvi Ayurveda tibb sistemində müxtəlif faydaları üçün istifadə edilən bir bitki növüdür.
Müasir araşdırmalar da onun bir çox faydası olduğunu üzə çıxarıb.
Yayılan xəbərlərə görə, Q.Peltrou səhərlər smuzisinə bu bitkinin tozunu əlavə edir. C.Lopez hər gün bu bitkidən hazırlanan saqqızı çeynəyir. O.Uinfri isə tərkibində “ashwaqandha” olan latte içir.
Dr. Akil Palanisami illər ərzində minlərlə xəstəyə “hind jenşeni” tövsiyə etdiyini bildirib. Həkim bu bitkinin stressi azaltdığını, yuxu keyfiyyətini yaxşılaşdırdığını xüsusilə qeyd edib.
Onun sözlərinə görə, bəzi tədqiqatlar “ashwagandha”nın tələbələrdən tutmuş Alzheimer və Parkinson xəstəliyi olan yaşlılara qədər müxtəlif yaş qruplarında olan insanlarda zehni aydınlığı, diqqəti və idrak funksiyasını yaxşılaşdırdığını göstərib.
Adı çəkilən bitkinin idmançılarda fiziki performansı yaxşılaşdırdığını da diqqətə çatdıran Dr. Akil Palanisami ondan istifadə etməyi isə hər kəsə məsləhət görmür.
“Ancaq bütün bu faydalarına baxmayaraq, “hind jenşeni” istehlak edərkən diqqətli olmaq böyük əhəmiyyət kəsb edir. Hər bir qida bədəninizdə əlavə təsirlərə və ya allergik reaksiyalara səbəb ola bilər. Ona görə də əvvəlcə mütləq həkimə müraciət etməlisiniz”.
Dr. Yufanq Lin isə qeyd edib ki, “ashwagandha” bəzi insanlarda mədədə narahatlığa, ürəkbulanma və ya ishal kimi əks təsirlərə səbəb ola bilər:
“Hamilə qadınlar da “ashwagandha”dan çəkinməlidirlər. Bu bitki, həmçinin tiroid hormonlarını artıra bilər. Ona görə də əvvəlcə mütləq həkimlə məsləhətləşmək lazımdır”.