“Heç kimdən ağıllı deyilik, istədiyimizi deyə bilmərik” - Nailə İslamzadə
“Aparıcı verilişdə hakim ola bilməz, biz – aparıcılar heç kimdən ağıllı deyilik”.
Paralel.az xəbər verir ki, bu sözləri Əməkdar artist, məşhur aparıcı Nailə İslamzadə deyib.
O, aparıcılıq və verilişlər haqda danışarkən bildirib ki, proqrama çağırılan bəzi qonaqların samballı olmaması, tamaşaçıda qıcıq yaradır.
“Bunlar nizama salınsa, aparıcı nəyi, nə vaxt, harada, necə deməyi öyrənsə və efirə çıxan aparıcı və ya jurnalis düşünsə ki, o kameranın arxasında bizə baxan kifayət qədər ağıllı adamlar var, biz onların qarşısında istədiyimizi deyə bilmərik, istədiyimiz kimi danışa bilmərik. Özünü sərbəst aparmağın da deyir var. Əyləncəli proqramın da ana xətti olmalıdır. İnsanları səviyyəli şəkildə güldürmək daha çətindir, ağlatmağa nə var ki... Hərə bir acı taleyini dramatik formada, faciəvi şəkildə danışsın, qarşısında oturanı ağladacaq”, - o “Künc-Bucağ”ın efirində söyləyib.
N.İslamzadə verilişlərin səviyyəsinin aşağı düşməsinin səbəbi barədə də fikirlərini dilə gətirib:
“Nəyi çox göstəririksə, o da təbliğ olunur. Onların problemləri olmasa, televiziyaya müraciət etməzlər. Problemlərin həll olunma yolları doğru axtarılmalıdır. Verilişin səviyyəsinin aşağı düşməsinin səbəbi oraya üz tutanların problemlərinin doğru həll olunmamasıdır və ekspertlərin kimliyidir. Onlar samballı olmalıdır ki, fikri keçsin. Pedaqoq üzrə elə bir insan olmalıdır ki, onun sözünün üzərinə söz deyə bilən olmasın. Bütün elmlərdə hər bir problemin həlli yolu var. Ona görə də həlləri doğru bilən insanlar lazımdır”.