İndi seçim Ermənistanındır - AÇIQLAMA

İndi seçim Ermənistanındır - AÇIQLAMA
 

"Azərbaycan Prezidenti İlham Əliyevin Münhen, Ankara səfəri və bu səfərlərin yekunları bir daha onu sübut etdi ki, 7 fevral prezident seçkilərindən sonra bölgədə tamamilə yeni reallıq yaranıb və dünya birliyi də ölkəmizin yaratdığı bu reallığı qəbul edərək ona uyğun siyasətini müəyyənləşdirməkdədir. Münhen səfəri isə Azərbaycan diplomatiyasının növbəti qələbəsi idi. Bununla Azərbaycan bir daha dünyaya hansı gücə qadir olduğunu göstərdi".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində cənab Prezidentin yüksək səviyyədə keçirdikləri görüşlər və aparılan müzakirələr Azərbaycanın yeni dünya düzənində beynəlxalq miqyasda ciddi aktora malik olduğunu ortaya qoydu. "Məhz cənab Prezidentin yürütdüyü siyasət nəticəində dünya birliyi Azərbaycanın şərtlərini qəbul edib müəyyən etdiyi gündəliklə hesablaşırlar. Bunun üçün ABŞ Dövlət katibi Antoni Blinken, Almaniya kansleri Olaf Şolts və digər görüşlər və müzakirə olunan məsələlər bunun bariz nümunəsidir. ABŞ Dövlət katibi yeni dünya düzənində Azərbaycanın xüsusi rolunu qeyd edərək indiki zaman kəsiyində Azərbaycanın COP29-un rəhbərliyini öz üzərinə götürməsini çox yüksək dəyərləndirib. COP29 çərçivəsində ABŞ-ın da Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu  bəyan edib. ABŞ yaxşı bilir ki,  Azərbaycan belə bir mötəbər beynəlxalq tədbirin keçirilməsinin öhdəsindən layiqincə gələcək. Çünki artıq Azərbaycanın belə mötəbər beynəlxalq tədbrilər keçirmək təcrübəsi var.  Bu eyni zamanda  Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir. Dünya birliyi də bunu görür, dəyərləndirir və ölkəmizlə hesablaşmalı olurlar", - o qeyd edib. 

Əlavə edib ki, Münhen səfərində diqqət çəkən əsas məsələlərdən biri də İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi istiqamətində  keçirilən görüşlər və müzakirələrdir: "Bu məsələdə də Bakı öz şərtini diktə edərək müəyyən etdiyi gündəliyə əsasən görüşlər keçirildi. Azərbaycan Ermənistanla münasibətlərin hər hansı üçüncü vasitəçi tərəfin iştirakı olmadan  həllinin tərəfdarı olduğunu  açıqlayıb. Prezident 14 fevralda andiçmə mərasimində bəyan etdi ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin tənzimlənməsi beynəlxalq gündəliyi məşğul etməməlidir və gündəlikdən çıxarılmalıdır. Yerdə qalan məsələlər isə ikitərəfli əsasda İrəvanla Bakı arasında müzakirə olunmalıdır. Bu istər Almaniya kanslerinin təşəbbüsü ilə  Ermənistan baş naziri Nikol Paşinyanla baş tutan görüşdə, istərsə də ABŞ Dövlət katibi Blinkenlə görüşdə əsas aparıcı xətt olaraq qaldı. Prezident İlham Əliyev Blinkenlə görüşündə bu məsələyə toxunaraq bəyan etdi ki, artıq regionda de-fakto sülh mövcuddur  və  Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə inkişaf etdirilməlidir. Bu isə o deməkdir ki, artıq bundan sonra Bakı ilə İrəvan arasında  hər hansı üçüncü qüvvə bu proseslərə müdaxiləsinə imkan verilməyəcək.  Azərbaycan Prezidenti hesab edir ki, müharibədən sonra  bölgədə formalaşmış yeni şəraitdə iki ölkə arasında münasibətlərin tənzimlənməsi  və sülhün əldə olunması məhz ikitərəfli formatda daha çox səmərə verə bilər. Bu yolla  sülhə daha tez  nail olmaq olar. Onsuz da son dövrlərdə Bakı ilə İrəvan arasında ikitərəfli formatda görüşlərin keçirilməsi bir ənənə halını alıb və bu görüşlər müsbət nəticə də verməkdədir. Cənab Prezident Blinkenlə görüşündə də bəyan etdi ki, Azərbaycan sülhə sadiqdir və milli maraqlara cavab verir. İndi seçim Ermənistanındır. Ermənistan doğrudan da sülh istəyirsə, o zaman  ikitərəfli formatda danışıqları davam etdirərək  qısa müddətdə hər iki tərəfi qane edən  sülh razılaşmalarının əldə olunmasına nail ola bilərik.
Əgər Azərbaycan hər hansı məsələ ilə bağlı mövqeyini ortaya qoyursa, ona nail olub və bundan sonra da nail olacaq. Bunun parlaq nümunəsi Fransadır. Necə ki Bakı sülhə zərər verən Fransanı danışıqlar prosesindən uzaqlaşdırıldı. Çünki Azərbaycanla təzyiq, diktə dili ilə heç kim danışa bilməz və buna imkan verilməyib verilməyəcək də. Əksinə, Azərbaycan sülhə xələl gətirmək istəyən qüvvəyə qarşı daha sərt və yerində  adekvat reaksiya verəcək. Biz bunun 12 fevralda Zəngəzurdə Azərbaycanla şərti sərhəddə baş verən təxribat zamanı şahidi olduq. 
Bu məsələ cənab Prezidentin Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşündə də əsas məsələlərdən biri oldu. Prezident Ərdoğan bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldığını və Ermənistanın bu fürsət pəncərəsini dəyərləndirəcəyinə ümid etdiyini bəyan edib. O eyni zamanda üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edib.

Prezident İlham Əliyevin Ankarada İkinci Qarabağ savaşı və keçirdiyimiz antiterror əməliyyatı Türkiyənin ordu modelinin Azərbaycanda artıq tam oturuşması və bundan sonra bölücü, separatçı qüvvələrə heç vaxt yer olmayacağı barədə verdiyi bəyanat əslində Ermənistanın havadarlarına ciddi mesaj idi. Ermənistanın havadarları bundan dərs çıxarmalı və Azərbaycana qarşı çirkin niyyətlərindən əl çəkməlidir. Onsuz da bu cür cəhdlər iflasa uğradığı kimi, bundan sonra da iflasa uğrayacaq.

Ankara səfəri eyni zamanda türk birliyinin gələcək inteqrasiyası və bir güc mərkəzi kimi formalaşması baxımdan mühüm əhəmiyyət kəsb edir. Ankara səfəri türk dünyasının beynəlxalq aləmdə yeni güc mərkəzi kimi formalaşmasına öz töhfəsini verəcək".

Mürtəza
Ölkə.Az

 

0.01245903968811