Dəyişikliklər davamlı olmalıdır - dos. İlham Əhmədov
Sumqayıt Dövlət Universitetində deyəsən tədricən qayda qanun yaradılır. Düzdür, bunun nə qədər davamlı olması məlum deyil. Bizdə adətən təzə təyin edilən rektorlar 1 il yaxşı işləyir, qanunlara hörmət edir, 2-ci ildən başlayaraq öz bildiyi kimi işləyirlər.
KİV-lərdə yazırlar ki, köhnə komanda imtahan prosesindən tam kənarlaşdırılmış, 2 prorektor, 3 dekan, 12 dekan müavini, şöbə müdiri və sair əməkdaşlar vəzifədən azad edilmişdir.
KİV-lərdə həmçinin yazırlar ki, SDU-də keçən tədrisi ilinin sonunda 200 nəfərdən bir qədər çox tələbə imtahandan kəsilmişdisə, bu semestr 3000-ə yaxın tələbə imtahandan kəsilmişdir. Bu o deməkdir ki, 10 il ərzində hər semestr ortalama 2800 tələbəyə nəinsə müqabilində yüksək qiymət yazılıb. Bu proseslər dim KİV-lərdə əks edilib, amma ETN bu vəziyyətə reaksiya verməyib nədənsə.
Bu həm də o deməkdir ki, SDU-da orta müvəffəqiyyət göstəricisi 90 fazidən 65 faizə düşmüşdür. KİV-lərin yazdığına görə imtahanlar bu smestr tam şəffaf keçirilmiş, əvvəlki illərdən fərqli olaraq heç bir kənar müdaxilə və korrupsiya faktoruna yol verilməmişdir.
Bütün bunlar yaxşıdır. Amma yeni suallar yaranır. Bu suallar haqqında ETN-nin düşünməsi zəruridir:
1. Son 10 ildə SDU-da hər semestr ortalama 2800 tələbəyə nəinsə müqabilində yüksək qiymət yazılıb, daim KİV-lərdə bu barədə yazılar gedib, amma ETN bunlara nədənsə, reaksiya verməyib. Yəni, 10 il ərzində on minlərlərlə zəif tələbələrə əbəs yerə diplomlar verilib.
Yadıma gəlir ki, KİV-lərdə 2014-cü ilə qədər də yazırdılar ki, SDU-da böyük qanunsuzluqlar vardı. O rektor dəyişdirildi, yenisi gəldi. O da 1 il normal işlədi, sonra məlum proseslərə start verildi. İndi ümid edirik ki, SDU bu işlər 1 il yox, davamlı olacaqdır, SDU bir daha əvvəlki pis ənənələr qayıtmayacaq.
2. Bu semestrdə olan ciddilik gələcəkdə də davam edəcəyi halda müvəffəqiyyət göstəricisi 65 faiz səviyyəsində qalacaq, çünki, 150-200 balla kütləvi şəkildə universitetlərə tələbə qəbulunun aparılması böyük strateji səhvdir, bu ATM-də tədris prosesinin pozulmasına, keyfiyyətin ciddi şəkildə zəifləməsinə səbəb olur.
3. Necə ola bilir ki, bir ATM-də nisbətən ciddi qayda qanun yarananda keyfiyyət 90%-dən 65%-ə enir, amma digər ATM-də keyfiyyət hələ də 90%- olaraq qalır. Axı onlar da 150-200 balla tələbələr qəbul ediblər, onların da tədrisin təşkilində və resurs təminatında eyni problemlər var. Bu ATM-də də ciddi nəzarət olarsa, keyfiyyətin real göstəricisi görəsən necə olacaq? Bunu bilmək üçün həmən ATM-nə də yeni rektorların gəlməsini gözləməliyik? Bu ciddilik də 1 il davam edəcəksə, onda təhsilin durumu necə olacaq?
ETN elm və təhsildə "Yeni Era"nın yaradılması barədə görəsən nə düşünür?
"Paralel.az"