Yaponiyada qeyri-adi Valentin günü ənənəsi: bunu hədiyyə edirlər
Yaponiyada 14 fevral sevgililər günü dünyanın digər yerlərindən çox fərqli qeyd edilir.
Burada ancaq qadınlar kişilərə hədiyyə alır. Hədiyyə mütləq şokolad, şirniyyat olur. Əsas məsələ də həmin hədiyyə şokoladlarını hazır almaq yox, evdə hazırlamaqdır. Bu zaman qadınlar təkcə sevgililərinə yox, yaxşı münasibətdə olduqları başqa kişilərə də hədiyyə verirlər.
Lakin bütün şokoladlar eyni mənanı ifadə etmir. Belə ki, 14 fevralda qadınların kişilərə verdiyi iki növ şokolad var: biri "giri-choco", digəri "honmei-choco" adlanır.
Qzılar adətən dostlarına, ailə üzvlərinə "giri-choco" adlanan hazır şokolad hədiyyə edir.
"Honmei-chocos" isə qızların həqiqətən romantik şəkildə maraqlandığı oğlanlara verdiyi şokoladlardır. Bu şokoladlar adətən ya baha olur, ya da evdə hazırlanır. Onların evdə hazırlanmış olması çox əhəmiyyətlidir.
Evdə hazırlanmış şokoladlar, nə qədər zərif olursa olsun, mağazada alınan şokoladlardan daha çox məna daşıyır. Adətən Yaponiyada sevgililər günü ərəfəsində mağazalar hədiyyələrdən çox şokolad hazırlama ləvazimatları ilə doldurulur.
Bu ölkədə sevgililər günü birtərəfli görünsə də, Yaponiya da növbəti ayın 14-də “Ağ Gün”ü qeyd edir. Kişilər sevgililər günündə onlara şokolad verən insanlara bunun əvəzini üçqat qaytarırlar. Onlar qadınlardan fərqli olaraq şokolad yox, digər hədiyyələr verirlər.