Deputatın “kasıb əsgər getməmək üçün inəyini satacaq” fikri etiraz doğurdu

Deputatın “kasıb əsgər getməmək üçün inəyini satacaq” fikri etiraz doğurdu
 

Milli Məclisin deputatı Elnur Allahverdiyevin hərbi xidmətlə bağlı təklifi geniş müzakirələrə səbəb olub. Ödənişli xidmət modelinin dövlət büdcəsinə böyük gəlirlər gətirəcəyini düşünən deputatın fikrinə qarşı ciddi etirazlar səsləndirilib. 

Parlamentin Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas da həmkarının təklifinə kəskin etiraz edib: “Mən bu təklifin qəti əleyhinəyəm. Bu qədər! Daha müzakirə etmək istəmirəm ki, kasıb inəyini, qoyununu gedib satacaq... Düzgün məsələ deyil, vəssalam. Türkiyədə də belə bir model var. Orada da olması düzgün deyil!”. 

Deputatın bu çıxışı sosial mediada geniş tənqid edilib. Bir çox sosial media istifadəçiləri onsuz da həqiqi hərbi xidmətə çağırılan gənclərin kasıb və aşağı gəlirli ailələrin uşaqları olduğunu, müzakirə olunan yeni təklifin yenə də maddi imkanı yüksək vətəndaşlara sərf edəcəyini bildirib. Hətta Aqil Abbasın məlum çıxışı ilə ölkənin az gəlirli vətəndaşlarını təhqir etdiyini düşünənlər də olub. 

Mövzu ilə bağlı Yenisabah.az-a fikirlərini bölüşən aparıcı, şoumen Kamran Həsənli hərbi xidmətlə bağlı bu təklifin yerində olduğunu deyib. 

“Əslində bununla razı deyiləm. Elə ölkələr var ki, ümumiyyətlə orada hərbi çağırış yoxdur, amma ordusu dünyanın ən güclü ordusudur. Məsələn, ABŞ buna ən böyük nümunədir. Türkiyədə çağırış var, amma alternativ formada xidmət keçmək də mümkündür. Bu əslində birdən-birə cavab veriləsi sual deyil, gərək oturub daha dərindən təhlil edilsin. Dünyada hərbi xidmətlə bağlı yanaşmalar müxtəlifdir. Ümumiyyətlə illər keçdikcə istənilən qanun köhnəlir və yenilənməyə ehtiyacı olur. Görünür, hərbi xidmətlə bağlı qanunda da yenilənməyə ehtiyac var”. 

 

 

0.014189004898071