Bəhai dini təlimində insanın mahiyyəti və sosial təkamül nəzəriyyəsi
Din və elmin, cavabını tapmaq istədiyi əbədi suallardan biri “İnsanın mahiyyəti nədir?” sualıdır. İnsanın daha yaxşı görünən cəhəti onun fiziki varlığıdır. İnsan da heyvan kimi təbiət qanunlarına tabedir: onun da hava, su və qidaya ehtiyacı var, o da yalnız müəyyən xarici şərait daxilində yaşaya bilir. Bu gün çoxları insan və heyvan arasında bu ümumi cəhətlərə davranışımızı müəyyən edən amil kimi baxırlar. Lakin heyvan aləmindən fərqli olaraq biz təbiət qanunlarını dərk edərək onları özümüzə tabe etmişik ki, bu da bizi digər canlılar kimi yaşamaq uğrunda mübarizə aparmaq zəruriyyətindən azad etmişdir. Əbdül-Bəha yazır:
Ali Qüvvənin köməkliyi ilə insan təbiət dünyasının hakimiyyətindən qurtulur; nə qədər ki, insan təbiətin əsiridir, o, vəhşi heyvandan başqa bir şey deyil, o yaşamaq uğrunda mübarizə aparır, o təbiətin bu sarsılmaz qanununa tabedir.
Bəhai təliminə görə insanın heyvan aləminə məxsus təcavüzkarlığı onun təbiətindən deyil, sosial mühitin və tərbiyənin təsirindəndir və onu dəyişmək mümkündür. İnsan mahiyyətcə nəcib varlıqdır. O, Allahın oxşarında və bənzərində yaradılmış yeganə canlıdır. Bəhaullah deyir ki, “Hər bir varlıq Allahın bir əlamətinin daşıyıcıdır. İnsan yeganə varlıqdır ki, Allahın bütün adları və sifətləri onda cəmlənmişdir”.
İnsanın fiziki təbiəti haqqında yalnış təsəvvürlərin aradan qaldırılması və onun nəcib varlıq kimi yaradılmasının etiraf edilməsi dünyada Əbədi Sülhün qurulmasının əsas şərtlərindən biri ola bilər. Bəhai yazılarında deyilir:
Həyatımızın bütün sahələrində sosial, iqtisadi və dini dözümsüzlük o dərəcədə kök salıb ki, bir çoxları elə düşünür ki, bu qüsurlar sanki insana əzəldən məxsusdur və bu səbəbdən o düzəlməzdir. Bu cür baxışlar geniş yayıldıqca, insanları ayıran uçurum da bir o qədər çox dərinləşir. Bir tərəfdən dünyanın bütün xalqları sülh və əmin-amanlığın hər yerdə bərqərar olmasını istəyir, öz həyatlarından ötrü üzücü qorxu hissindən qurtulmağı arzulayır, digər tərəfdən isə biz insanın islaholunmaz eqoist və zalım olmasına və bununla da tərəqqipərvər və sülhsevər, dinamik və harmonik cəmiyyət yaratmaq qabiliyyətində olmaması iddiasına inanırıq.
İnsanı təbiət dünyasından ayıran ikinci əhəmiyyətli cəhət onun təbiətinə intellekt və ya rasional təfəkkür qabiliyyətinin xas olmasıdır. Keçmiş nəsillərin təcrübəsinin təhsil vasitəsilə toplamaq, gələcəyi proqnozlaşdırmaq və mücərrəd anlayışlarla təhlil etmək qabiliyyəti təkamülümüzün tamamilə yeni mexanizmini təmin edir, insan cəmiyyətini elm, texnologiya və sosial tərəqqinin yeni zirvələrinə qaldırır. Bəşəriyyətin əsas sosial və intellektual məqsədi – sivilizasiyanı inkişaf etdirməkdir. Bəhaullah yazır:
Bütün insanlar hər zaman inkişaf edən sivilizasiyanı irəlilətmək üçün yaradılmışdır.
İnsana təbiət üzərində yüksəlməyə imkan verən ruhani sistem də mövcuddur. Fiziki tələbatların ödənilməsi və intellektual həyat insanı heç vaxt tam xoşbəxt etməmişdir. Çünki insanın daxilinə mütləqə yaxınlaşmaq, Alllahı dərk etmək kimi dərin ehtiyac hissi qoyulmuşdur.
Bəşəriyyətin sosial təkamülünün ilk mərhələlərində ruhani tələblər fiziki sağqalma probleminə tabe idi. Cəmiyyət inkişaf etdikcə daha dərin ruhani əsasa ehtiyac yarandı. Bu əsas olmadan sabit sosial münasibətlər mümkün deyildi. “Xeyir və şər”, “mükafat və cəza”, “qanunun aliliyi”, “başqaları ilə səninlə necə davranmağı arzuladığın kimi davran” prinsipləri cəmiyyətin sosial strukturunun əsasını təşkil etdi. Sonralar insana məhəbbət, mərhəmət, şəxsi istəklərin Allah iradəsinə və ya cəmiyyətin maraqlarına tabe edilməsi kimi dəyərlər cəmiyyətdə bərqərar oldu. Bu anlayışların bütün dövrlər və mədəniyyətlər üçün universallığı sübut edir ki, insanın fitrətinə əzəldən ruhani başlanğıc qoyulmuşdur.
Allahın bu gün yetkinlik yaşına qədəm qoymuş Bəşəriyyətdən gözləntiləri daha böyükdür. Qloballaşma insan cəmiyyətini parçalayan fiziki baryerləri məhv etməkdədir. Müasir vasitələr müxtəlif millət, din və irqdən olan insanlara planet miqyasında qarışmaq və Vahid Qlobal Sosiumda birləşmək imkanı yaratmışdır. Əvvəllər təcrid olunmuş insan birlikləri, mədəni sosiumlar çox kəskin seçim qarşısında qoyulmuşlar: ya bütövləşən dünyaya uyğunlaşmalı, ya da yox olmalıdırlar. Aşkar görünür ki, dünyanın mövcud siyasi-iqtisadi strukturları qlobal problemləri həll etmək iqtidarında deyil. “Suveren” dövlətlərə bölünmənin törətdiyi anarxiyanın hökm sürdüyü dünyada idarə etmənin mümkünsüzlüyü daha yaxşı görünür. Müasir ictimai təsisatlar köhnəlmişdir və öz milli maraqlarının qayğısına qalan dövlətlər bu gün qlobal problemləri həll etməkdən ötrü suverenliyinin hansısa bir hissəsindən imtina etmək məcburiyyəti ilə üzbəüz qalmışlar. Yalnız arxaik düşüncə sahibləri bu həqiqəti görmək qabliyyətində deyil. Azər Cəfərov
Azərbaycan Bəhai dini icmasının
ictimai Əlaqələr ofisinin koordinatoru,
BDU-nun dosenti, fəlsəfə doktoru